Ötən gecə yeddi rayonda yanğın qeydə alındı

Ötən gecə Azərbaycanın yeddi rayonunda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Bədəli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahədə yığılmış 2.4 ton ot bağlamasının 1.4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Cəlilabad rayonu, Alar kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqda olan biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Sabirabad rayonu, Nərimankənd kəndində kənd bələdiyyəsinə məxsus yeni salınmış yaşıllıq sahəsində 1 ha kol-kos və 75 ədəd müxtəlif növ ağaclar yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Ağdam rayonu, Əfətli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus 2000 kv.m biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Bundan başqa, Ağdam rayonunun Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 5 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Biləsuvar rayonu, Muğan kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin tavanı 30 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Biləsuvar rayonunda daha bir yanğın hadisəsi qeydə alınıb. Qəsəbə bələdiyyəsinə məxsus ərazidə 7 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Saatlı rayonu, Əlisoltanlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qəsəbə bələdiyyəsinə məxsus ərazidə 10 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı sahələr yanğından mühafizə olunub.

Yanğın bütün hallarda yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az