Qubada aeroport tikilir

Qubada müasir texnologiyalarla təchiz ediləcək yeni aeroport tikilməyə başlanıb.

Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yeni hava limanı Qubanın Aşağı Atuc, Ərməki, Cek, Davidoba və Hacıhüseynli kəndlərini əhatə edəcək ərazilərə düşür.

Qudyalçayın sağ sahilində tikiləcək müasir standartlara uyğun hava limanı şimal rayonları və qonşu Rusiya üçün daha əlverişli olacaq. Bu aeroport o qədər böyük olacaq ki, 600 hektar ərazidə artıq mütəxəssislər tərəfindən tikinti işləri aparılır.

Həmin ərazilərdə torpaq nümunələri alınıb ekspertizaya göndərilərək təsdiqini tapıb. Bir neçə gündür ki, Qubaya səfərə gələn mütəxəssislər artıq Qubanın bir neçə kəndini əhatə edən böyük bir ərazidə baxış keçirərək tikinti işlərinə başlayıblar. Yeni tikiləcək hava limanı Qubanın çaykənarı və bağ sahələrini də əhatə edəcək. Bağbanların 600 hektardan çox bağ və əkin sahələri də həmin ərazilərə salınıb. Artıq 4 km-lik aeroporta gedən yolda çəkilir.

Quba Rayon İcra Hakimiyyətinin 1-ci müavini Yusif Abidov bildirib ki, bu layihənin çoxdandır ki, şimal bölgəsində harda tikiləcəyi bəlli deyildi. İndi artıq yeni hava limanının Quba ərazisində olacağı təsdiqlənib.

Paytaxtdan mütəxəssislərin də dəvət olunduğunu bildirən RİH-nin müavini onu da əlavə edib ki, bu hava limanı şimal bölgəsi üçün həm turizm baxımından və həm də xarici sərmayələrin yatırılması baxımından Quba üçün böyük iş yerlərinin açılması deməkdir.//qafqazinfo//

AzNews.az