Jurnalistləri döyən polislər cəzalandırıldı

Bakı şəhər Baş Polis İdarəsi polis tərəfindən ANS TV-nin əməkdaşları Elnarə Məmmədova və Firuz Ağayevə qarşı zor işlədilməsi ilə bağlı araşdırmanı başa çatdırıb.

İdarədən daxil olan rəsmi məktubda deyilir ki, iyunun 1-də Türkiyə səfirliyinin qarşısında keçirilən icazəsiz aksiya zamanı ANS TV-nin əməkdaşlarına qarşı zor işlətmiş Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Mehman Əliyev, 21-ci polis bölməsinin rəisi C. Məmmədov, Post Patrul Xidmət bölüyünün komandir müavini Rüstəm Rüstəmov və 20-ci polis bölməsinin sahə inspektoru Emil Qədimov intizam məsuliyyətinə cəlb olunub.

ANS əməkdaşlarının xəsarət almaları üzrə toplanmış məlumatlar prosesual qərar qəbul edilməsi üçün Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinə göndərilib.

Xatırladaq ki, Türkiyədə "Gezi parkı" ilə bağlı keçirilən aksiyalara dəstək olaraq Bakıda keçirilən icazəsiz piketi işıqlandırarkən polis zorakılığına məruz qalmış ANS əməkdaşları ilə bağlı ANS daxili işlər naziri Ramil Usubova və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasova müraciət etmişdi.//anspress//

AzNews.az