Göygöldə maşın aşdı: iki ölü, üç yaralı - YENİLƏNİB

Bakı-Qazax magistral yolunun 345-ci kilometrliyində, Göygöl rayonu ərazisində baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin adları açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru Ceyhun Axundovun APA-ya verdiyi məlumata görə, hadisə dünən günorta saatlarında qeydə alınıb.

Daşkəsən rayon sakini, 1964-cü il təvəllüdlü, Raqif Məmmədovun idarə etdiyi "Hyunday Terracan" markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən aşıb. Hadisə zamanı avtomobildə olan sürücünün bacısı, 1963-cü il təvəllüdlü Nazəni Sədirova və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Etibar Sədirov dünyasını dəyişib. Sürücünün qızı, 2000-ci il təvəllüdlü Banuçiçək Məmmədova, oğlanları - 2002-ci il təvəllüdlü Elnur Məmmədov və 2005-ci il təvəllüdlü Ayxan Məmmədzadə ağır bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Raqif Məmmədov və həyat yoldaşı 1976-cı il təvəllüdlü Alidə Ağayeva yüngül xəsarət alıb.

Xəstəxanadan uşaqların vəziyyətinin orta-ağır olduğu bildirilib.

Raqif Məmmədov ailə üzvləri və qohumları ilə birgə Bakıya toya gedirmişlər. Sürücünün dediyinə görə, hadisəyə avtomobilin təkərinin partlaması səbəb olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsində araşdırma aparılır.

***
10:52

Bakı-Qazax magistral yolunun 345-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dünən günorta saatlarında, 1964-cü il təvəllüdlü Raqif Məmmədovun idarə etdiyi "Hundai" markalı avtomobilin aşması nəticəsində maşında olan iki sərnişin hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.//apa//

AzNews.az