Toğrul Nərimanbəyovun meyiti tibbi ekspertizaya verilib

"Hazırda işə prokuror baxır. Bu günlərdə prokurorun qərarı bəlli olmalıdır. Məhkəmədən sonra qaranlıq qalan bəzi məqamlar var. Prokuror ona şübhəli gələn məsələlərə aydınlıq gətirmək üçün araşdırma aparır".

Bu açıqlamanı APA-ya Azərbaycanın xalq rəssamı, mərhum Toğrul Nərimanbəyovanın qızı Əsmər Nərimanbəyova verib.

Əsmər Nərimanbəyovanın vəkili Endi Verdiyer isə APA-ya açıqlamasında hazırda mərhumun meyitinin məhkəmə tibbi ekspertizasında olduğunu deyib: "Bu işlə prokuror özü maraqlanır. Çünki ölümün ətrafında müəyyən şübhələr yaranıb. Xəstəlik tarixçəsində müəyyən qaranlıq məqamlar var. Orada deyilir ki, mərhum yıxılıb və tibb bacıları onu 3 saatdan sonra ölü vəziyyətdə tapıb. Amma real olaraq reanimasiya şəraitində olan xəstə 24 saat nəzarətdə olmalıdır. Ona görə də prokuror bu məsələnin araşdırılması üçün məhkəmə tibbi ekspertizaya müraciət edib. Prokurorun öz qərarı ilə mərhumun meyitinin autopsiyası (yarılması) aparılacaq və ölümünün dəqiq səbəbləri müəyyənləşəcək. Hazırda mərhumun nəşi tibbi ekspertiza institutundadır. Yekun qərarı gözləyirik. Bu qərar çıxana kimi heç bir tərəfin informasiya almağa, yaxud da mərhumu dəfn etməyə hüququ yoxdur. Bu, qapalı prosedurdur və məhkəmə tibbi ekspertizasının qərarı barədə hər iki tərəfə prokuror məlumat verəcək".

Vəkil Endi Verdiyer rəssamın qızının kasassiya məhkəməsinə müraciət etmək istədiyini deyib: "Əsmər Nərimanbəyova yuxarı instansiyaya, kasassiya məhkəməsinə müraciət etmək istəyir. Bu məhkəmə gələcəkdə həqiqəti ortaya çıxarmaq məqsədi ilə həyata keçiriləcək".

Məsələyə münasibət bildirən rəssamın həyat yoldaşı Sevil Nərimanbəyova Əsmər Nərimanbəyovanın məsələni uzatmaq üçün bu cür iddialarla çıxış etdiyini deyib: "Toğrulun hansı şəraitdə ölməsi Əsməri məhkəmələri uduzmamışdan öncə niyə maraqlandırmırdı? Mən belə düşünürəm ki, o bu məsələni uzatmaq üçün belə yollara əl atır".

S. Nərimanbəyova rəssamın ümumiyyətlə reanimasiyada olmadığını deyib: "Toğrulun vəziyyəti yaxşı idi. Reanimasiyada deyildi, hətta həkimlər onun evə buraxılacağını deyirdilər. Hadisə gecə olub və xəstəxanadan da təsdiq ediblər ki, o vaxt onun yanında heç kim olmayıb. Həmin gün onun yanında idim. Özü istədi ki, mən evə gedim. Mən evə getdikdən sonra o vanna otağında yıxılıb". S. Nərimanbəyova məhkəmə tibbi ekspertizasının rəyindən sonra mərhumu dəfn edəcəyini deyib.

Qeyd edək ki, SSRİ və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, SSRİ və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü, 83 yaşlı Toğrul Fərman oğlu Nərimanbəyov iyunun 7-də vəfat edib. Mərhumun ikinci həyat yoldaşı onun Fransada dəfn edilməsini istəyib. Lakin T. Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb və məhkəmə rəssamın harada dəfn olunması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətini rədd edib. Əsmər Nərimanbəyova bildirib ki, bu qərarla razılaşmaq fikrində deyil və o kasassiya məhkəməsinə müraciət etməyi düşünür.

AzNews.az