“Yalnız əcnəbilərə atəş açırdılar” - Alpinistlərə hücumun təfərrüatları

"Telefon danışığından bir neçə dəqiqə sonra terrorçular düşərgəyə hücum etdi"


2 gün öncə Pakistan terrorçuları tərəfindən Himalaydakı alpinistlərə edilən hücumun təfərrüatları bəlli olub. Bu barədə hadisə yerində olan alpinistlərdən biri rus mətbuatına açıqlama verib. Ukraynalı alpinist Mixail Kolotuşkin həmin gün əsas bazadan yuxarıda yerləşən düşərgədə olduğunu bildirib. Alpinistin sözlərinə görə, hücum planlaşdırılmış şəkildə həyata keçirilib: "Sonuncu dəfə mən digər alpinist dostlarımla axşam saat 6-da danışmışdım. Biz növbəti günə olan planları müzakirə etdik. Telefon danışığından bir neçə dəqiqə sonra terrorçular düşərgəyə hücum etdi. Terrorçular "haradansan, kimsən, neçə yaşın var, hansı dinə etiqad edirsən" kimi suallar verirdilər. Alpinistin xarici vətəndaş olduğunu bilən kimi isə ona atəş açırdılar. Onların məqsədi oğurluq etmək deyildi. Düşərgədə 60-a yaxın alpinist var idi. Və orada çox qiymətli-elefon, fotoaparat, kompüter kimi şeylər var idi. Oğurluq etmək istəsəydilər, onları götürüb gedərdilər", -deyə Mixail Kolotuşkin müsahibəsində bildirib.

Pakistan hökuməti terrorçular tərəfindən hücuma məruz qalan alpinistlərə və onların ailə üzvlərinə təzminat ödəyəcəyi barədə məlumat yayıb.

Məlumat üçün deyək ki, iyunun 23-ü pakistanlı terrorçular tərəfindən Himalay dağlarının Pakistan ərazisində yerləşən Nanqa Parbat zirvəsinə olan alpinistlərin baza düşərgəsinə silahlı hücum olub. Düşərgədə azərbaycanlı alpinistlər olsa da xoşbəxtlikdən onlara heç bir ziyan dəyməyib. Hücum nəticəsində 3 ukraynalı, 2 slovak, 2 çinli, litvalı, nepal və amerikalı alpinist həlak olub.

Aynur Hüseynova
AzNews.az