Polislə Səhiyyə Nazirliyinin “Duzlu göl“ davası

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi son bir neçə ildir Hövsan ərazisindəki "Duzlu göl"də çimməyə qadağa qoymasına baxmayaraq, gölə müalicə məqsədi ilə gələnlərin sayı azalmaq bilmir.

Hətta bununla bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi rəsmi şəkildə Suraxanı rayon Polis İdarəsinə və ərazi üzrə aidiyyatı qurumlara məktub göndərib ki, gölə adam buraxılmasın. Amma qadağaları nəzərə alan yoxdur.

Suraxanı rayonu Zığ qəsəbəsinin "Qum adası" yaşayış massivinin sahə müvəkkili Cavanşir Bağırov Modern.az saytına bildirib ki, əhalinin "Duzlu göl"dən istifadəsinə heç kim qadağa qoya bilməz. Sahə müvəkkilinin sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi "Duzlu göl"də antisanitariyanın vəziyyətini yoxlayan zaman heç bir tədbir görməyib.

"Yəni o əraziyə heç bir möhürlü qadağa sənədi verməyib. Biz ərazidə yalnız asayişi qoyuruq. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sadəcə bizə məktubla müraciət edib. Məktubda göstərilir ki, həmin ərazidə tədbir keçirilən zaman biz asayişi qoruyaq və onlara köməklik edək. Hamı bura müalicə məqsədilə gəlir. İnanın ki, insan axınından durmaq olmur, elə vaxtlar olur ki, iynə atsan yerə düşməz. Onlara necə qadağa qoya bilərik?! Hətta xarici vətəndaşlar da gəlib müalicə alırlar. Ona yaxınlaşıb deyə bilmərik ki, burada çimməyin. Deyəcək ki, siz kimsiniz, mənim hüquqlarımı niyə pozursunuz?..".

Qeyd edək ki, "Duzlu göl"də çimməyə 2006-cı ildən qadağa qoyulub. Buna baxmayaraq, hər il bu gölə müalicəvi məqsədlə insanlar axışır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi "Duzlu göl"də müalicəvi məqsədlə qəbul edilən vannaların müsbət, yaxud mənfi nəticə verməsinin hələ ki, təsdiqlənmədiyini deyir. Həmin göldə antisanitariya şəraiti olduğundan göldə çimənləri, vanna qəbul edənlərin təhlükəli viruslara yoluxma riski ilə üz-üzə qoyur.

AzNews.az