Prokuror cəbhəçi gəncə 3 il həbs istədi

İyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikovun işi üzrə məhkəmə prosesi davam edib.

"Azadliq.info"nun məlumatına görə, prosesdə məhkəmə araşdırmasının başa çatdığı bildirilib və dövlət ittihamçısı çıxış edib. Prokuror gənc fəalın 3 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Daşqın Məlikovun vəkili məhkəmə zamanı müdafiə etdiyi şəxsin cinayətinin sübuta yetirilmədiyini bildirərək, ona bəraət istəyib.

Gənc fəalın özü də ona qarşı ittihamın uydurma olduğunu, narkotiklə hər hansı əlaqəsinin olmadığını deyib.

Məhkəmənin iyulun 3-ü saat 16-da keçiriləcək iclasda qərar çıxaracağı gözlənir.

Daşqın Məlikov martın 25-də Sumqayıtda tutulub və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham olunur.

Daşqın Məlikov hazırda Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılır.

AzNews.az