Avtomobil magistrallarında xüsusi dayanacaqlar yaradılacaq

Azərbaycanda mövcud avtomobil yollarının hər 50 km-dən çox olmayan məsafəsində xüsusi istirahət yerləri və dayanacaq meydançaları yaradılacaq. "APA-Economics"in məlumatına görə, bu məsələ yeni qüvvəyə minən "Avtomobil yolları haqqında" qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Qanuna görə, ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu qanunla və Mülki Məcəllə ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir.

Qanunda həmçinin qeyd edilir ki, avtomobil yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək, avtomobil yollarını əvvəlki vəziyyətinə gətirməyi tələb etməlidir: "Bu işləri görən şəxslər avtomobil yolunun sahibinin tələbinin icrasından imtina etdikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirmədikdə, tikinti və qurğuların sökülməsi, avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsi üzrə işlər avtomobil yolunun sahibinin qüvvəsi və (və ya) vəsaiti hesabına yerinə yetirilir. Belə hallarda avtomobil yolunun sahibinin həmin işlərin yerinə yetirilməsi ilə əlaqədar çəkdiyi xərclər qanunsuz tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan şəxslər tərəfindən ödənilməlidir. Göstərilən xərclər ödənilmədikdə, avtomobil yolunun sahibi müvafiq iddia irəli sürmək hüququna malikdir".

Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində yol hərəkətinin təhlükəsizliyini təmin edən nişanlar və göstəricilər istisna olmaqla, yolkənarı xidmət obyektləri, habelə reklam və digər məlumat qurğuları avtomobil yolunun sahibinin yazılı razılığı ilə və bağlanılan müqavilələr əsasında yerləşdirilir.

Avtomobil yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər işlərin aparılmasına, yolkənarı xidmət obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə razılığın alınması üçün ərizəyə avtomobil yolunun adı və istiqaməti göstərilməklə sahənin sxemi, tikilməsi və ya quraşdırılması nəzərdə tutulan obyektin, yaxud qurğunun texniki planı əlavə olunur. Razılığın verilməsi haqqında ərizəyə 15 gündən gec olmayaraq baxılır.

Yazılı razılığın şərtlərinə riayət edilməsi bütün hüquqi və fiziki şəxslər üçün məcburidir və onların yerinə yetirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Müvafiq razılığın olmadığı və ya verilmiş razılığın şərtləri yerinə yetirilmədiyi hallarda avtomobil yollarının torpaq sahələrində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrə uyğun olaraq məsuliyyət daşıyırlar.

AzNews.az