Bakı Ağır Cinayətlər Məhkəməsində polis mühasirəsi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azər-Ross" MTK-nın ofisində törədilən dəhşətli qətldə və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilməlidir. Bu gün prosesdə hökmün elan ediləcəyi gözlənilir.

Musavat.com-un məhkəmədəki əməkdaşının verdiyi məlumata görə, ötən iclasda baş verən qarşıdurmadan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında və ətrafda yüksək təhlükəsizlik tədbirləri görülüb. Ərazidə xeyli polis əməkdaşı var. Məhkəmə binasının özündə də polis əməkdaşları müşahidə olunur. Proses saat 11.00-a təyin olunsa da, hələ başlamayıb.

Xatırladaq ki, ötən iclasda məhkəmədə dava düşmüşdü. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin tanışı Məmmədhüseyn Qurbanov bir qrup şəxslə onlara təyin ediləcək cəzaya etirazlarını bildirərək, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaq məqsədilə məhkəmə fəaliyyətinə müdaxilə ediblər. Bakı şəhər Prokurorluğunun məlumatına görə, onların məhkəmənin binasında və küçədə etdikləri hərəkətlər nəticəsində ictimai qayda kobud surətdə pozulmaqla məhkəmə binasının pəncərə şüşələri və giriş qapısında quraşdırılmış metal-axtarış avadanlığı sındırılıb, məhkəmənin 2 saata yaxın fəaliyyəti dayandırılıb, həmçinin hakimiyyət nümayəndələri olan və xidməti vəzifələrini yerinə yetirən məhkəmənin icra məmurları və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nəzarətçilərinə zor tətbiq edilib.

Həmin fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq), 286.1 (ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə Məmmədhüseyn Qurbanov təqsirləndirilən şəxs qismində cəlb edilərək Səbail rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

AzNews.az
image description image description