Mədət Quliyevin müavinindən prezidentə ŞİKAYƏT

Quba rayonu Yerfi kənd sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq müraciət ediblər. Onların müraciətində bildirilir ki, Penitensiar Xidmətin müavini, ədliyyə generalı Hüseynağa Əlixanov Qubada orta məktəbi və torpaq ərazilərini zəbt edib. Onların müracətini olduğu kimi təqdim edirik:

"Hörmətli cənab Prezident, Sizə müraciət etməkdə məqsədimiz Quba rayonunun Yerfi kəndində baş verən özbaşınalıqları və bu özbaşınalıqların arxasında kimlərin durduğunu diiqətinizə çatdırmaqdır. Bu özbaşınalıqların müəllifi isə Penitensiar Xidmətin rəis müavini, ədliyyə generalı Hüseyn Ənvər oğlu Əlixanov və qardaşı Nazim Ənvər oğlu Əlixanovdur. N.Əlixanov birbaşa qardaşının tapşırıqlarına uyğun olaraq kəndin əhalisinin dövlət tərəfindən verilən torpaq paylarını zorla əlindən almağa başlayıb. Kənd əhalisindən kimin hədələyərək, kimini şantaj edərək, kimisini isə qoçu üsulu ilə döyərək torpaqlarını mənimsəyirlər. Dəfələrlə bu məsələlərlə bağlı rayon rəhbərliyinə müraciətlər olunsa da, icra hakimiyyəti qanunların kənd əhalisinin tərəfində olmasını etiraf etsə də vəziyyəti dəyişməkdə aciz olduğunu bildirib.

Əlixanov qardaşlarının kənd əhalisinin dövlət tərəfindən ayrılımış pay torpaqlarını zəbt etmələri azmış kimi ötən ay Yerfi kəndindəki orta məktəbin ikimərtəbəli əsas binası da Əlixanov qardaşları tərəfindən zəbt olunub. Artıq binanın dam örtüyü, qapı-pəncərələri sökülüb və burada otel tikiləcəyi bildirilib.

Quba rayon Yerfi kənd orta məktəbi sovet vaxtı tikmişdilər ki, yetim-yesirin balaları oxuyub təhsil alsın, indi müstəqillik dövründə, ölkədə məktəb tikintisinin vüsət aldığı bir zamanda bu məktəbi zəbt etməyə başlayıblar. Məktəbin laboratoriyası, kitabxanası, idman zalı da bu binada yerləşirdi və artıq bütün infrastruktur dağıdılıb. Üstəlik Əlixanov qardaşları binanın ətrafındakı təqribən iyirmi sota yaxın məktəb ərazisini də özününküləşdirməyə hazırlaşırlar. Bütün bunlarla bağlı dəfələrlə Təhsil Nazirliyininin və Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliklərinə müvafiq qaydada müracətlər göndərilib. Lakin heç bir tədbir görülmür. Quba rayonunun icra başçısı Mübariz Ağayev isə tədbir görmək əvəzinə camaata məsləhət görüb ki, Əlixanov qardaşlarına ilişməsələr yaxşıdı. Bütün bunlardan ilhamlanan Əlixanov qardaşları bu günlərdə onların ayağına dolaşdığı üçün Quba rayonu Yerfi kəndinin icra nümayəndəsi Məmmədov Akif Amanşah oğlunu işdən çıxartdıraraq Nazim Əlixanovun qızının əri Mikayılov Müşfiq Məmmədrza oğlunu icra nümayəndəsi qoydurublar. Bununla da kənddə istədikləri hərəkətləri etməyə başlayıblar.

Bütün bunları nəzərinizə catdırmaqda məqsədimiz Quba rayonunu Yerfi kəndindəki durumun dözülməz həddə yetişdiyini nəzərinizə çatdırmaq və tezliklə tədbir görüləcəyinə ümid etməyimizdir. Tələbimiz Quba rayonunun Yerfi kənd orta məktəbinin geri qaytarılması, kənd əhalisinin torpaq paylarının Əlixanov qardaşlarından alınaraq əhaliyə paylanılmasıdır.

Cənab Prezident, heç bir dövlət qurumu Penitensiar Xidmətin müavini, ədliyyə generalı Hüseynağa Əlixanovun özbaşınalığına qarşı tədbir görmür, məsələyə göz yumur. Ondan şikayət edən kənddə yaşayan hər hansı vətəndaşa isə olmazın təzyiqlər olunur, ya da şərlənərək həbs edilir. Əlixanovlar qardaşlarından şikayət etməyə hec cür imkan verilmir, ona görə də Sizə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətində qaldıq".

Hörmətlə, Quba rayonu, Yerfi kəndinin sakinləri
Ə.Məmmədov, R.Həsənov, Ə.Quliyev, F.Məmmədov, P.Talıbov, M.Dadaşov, V.Piriyev, Ə.Qulaməliyev, F.Talıbov, S.Hacıyev, S.Əliyev, A.Turabov, Ş.Vəliyev və başqaları

qafqazinfo.az