Bakıdakı ABŞ səfirliyində casus proqramı

"The Guardian" qəzeti Rusiyaya qaçmış Amerika kəşfiyyatçısının ifşa etdiyi məxfi izləmə proqramının serverlərinin hansı ölkələrdə yerləşdiyini açıqlayıb

Böyük Britaniyanın "The Guardian" qəzeti hazırda Rusiyadan sığınacaq alan keçmiş Amerika kəşfiyatçısı Edvard Snoudenin ifşa etdiyi məxfi izləmə proqramının serverlərinin hansı ölkələrdə yerləşdiyini açıqlayıb. Qəzetin saytında yerləşdirilmiş interaktiv xəritədən məlum olur ki, hər kəsi izləyə və dinləyə bilən casus proqramının serveri praktiki olaraq ABŞ səfirliklərinin fəaliyyət göstərdiyi bütün ölkələrdə, o cümlədən Azərbaycan və qonşu ölkələrdə yerləşir. Proqramın serveri təkcə ABŞ səfirliklərinin mövcud olmadığı ölkələrdə yoxdur.

Rusiyanın "Arqumenti nedeli" həftəliyi proqramın serverinin Moskvadakı ABŞ səfirliyində də yerləşdiyini yazıb və məsələ ilə bağlı radioelektron izləmə üzrə mütəxəssis, Baş Kəfiyyat İdarəsinin istefada olan polkovniki Sergey Novikovdan rəy öyrənib. Polkovnik jurnalistə deyib ki, ABŞ kəşfiyyatının casus proqramı internetə qoşulmuş hər kəsi izləyə və səsini dinləyə bilir: "Qətiyyən təəcüblənməyin ki, sabah bizim aramızda internet üzərindən edilmiş söhbət amerikalıların əlində olacaq".

Polkovnik deyib ki, o "The Guradian" qəzetinin saytında yerləşdirilmiş interaktiv xəritəni araşdırır. Həmin xəritə Amerika Milli Kəşfiyyat Agentliyinin "XKeyscore" adlı qlobal casus proqramının necə işlədiyini və proqramın serverinin hansı ölkələrdə yerləşdiyini əks etdirən mıxfi prezentasiyasıdır. Prezentasiyadan məlum olur ki, casus proqramının cəmi 700 serveri fəaliyyət göstərir, onlar dünyanın 150 ölkəsində, o cümlədən Rusiyada yerləşir. Serverlər təkcə Amerika səfirliklərinin mövcud olmadığı ölkələrdə yoxdur.

Rusiyalı kəşfiyyat polkovnikinə görə E.Snouden sübut edib ki, internetə qoşulan hər kəs Amerika tərəfindən izlənilir. Proqramın necə işlədiyini isə Snouden özü "The Guradian"a belə izah edir: "Mən masa arxasında oturaraq istənilən adamın yazışmalarını-sizdən tutmuş sizin mühasibə, federal hakimə, hətta prezidentə qədər hər kəsin yazışmalarını izləyə bilirdim". Snouden bildirib ki, onun nəhəng həcmdə məxfi informasiyalara çıxış imkanı olub: "Mənim Milli Kəşfiyyat Agentliyinin bütün əməkdaşlarının məlumat bazasına, bizim xaricdəki rezidentlərimizin adlarına, onların harada nə iş gördüklərinə dair bütün məlumatlara malik idim. Əgər məqsədim satqınlıq olsaydı bu məlumatların cüzi hissəsini elə Rusiyaya sataraq varlanardım". Virtualaz.org