Əsirlikdə olan azərbaycanlının işi ombudsmana verildi

Ermənistan-Gürcüstan sərhədində sərhədi keçmə iddiası ilə Ermənistan təcridxanasında saxlanılan və haqqında cinayət işi qaldırılan Allahverdi Pələngovun işi Ermənistan Ombudsmanı Karen Andriasyana verilib.

Bu barədə APA-nın Gürcüstan müxbirinə açıqlamasında Qafqaz Sülməramlı Təşəbbüslər Mərkəzinin proqram koordinatoru Luiza Poqosyan bildirib. Onun sözlərinə görə, dövlət onların təşkilatının A. Pələngov barədə müraciətinə vaxtında cavab verməyib. "Biz rəsmi şəkildə heç nə öyrənə bilmirik. Yaxşı xəbər odur ki, ombudsman Pələngovun işini öz üzərinə götürüb. Pis xəbər odur ki, insan bu gün, sabah həbsxanadadır, lakin informasiya yayılıb ki, o, ombudsmanın nəzarəti altındadır. Gürcüstanın Ermənistandakı səfirliyi də bu barədə bizə məlumat verdi. Biz onlara kiçik təsir etməsəydik, vəziyyət daha pis ola bilərdi. Doğrudan da hakimiyyət fəaliyyətsizdir, doğrudan da prossesual qaydalar pozulub. Biz çalışırıq ki, imkan dərəcəsində hər saat yaxşı xəbərlər əldə edək".

L. Poqosyan A. Pələngovun hazırkı vəziyyətindən heç kimin xəbəri olmadığını bildirib. "Biz çalışırıq ki, onunla görüş əldə edək. Əgər, bizə görüş üçün icazə vermirlərsə, dövlət onun qohumlarına görüş versinlər və biz vasitəçi olaraq Pələngovun qohumlarını Yerevana gətirə bilərik. Ümidvaram ki, bu görüş baş tuta bilər. Bu da baş tutmasa, bizə saxlanılan şəxs haqqında istər ombudsman idarəsi, istərsə də digər idarə məlumat versə yaxşı olar", deyə L. Poqosyan bildirib.

AzNews.az