Azərbaycanda beynəlxalq hərəkat ofissiz qaldı - Eksklüziv

Azərbaycan-Avropa Hərəkatı ofisindən çıxıb. Bu barədə AzNews.az-a daxil olan məlumatı Hərəkatın prezidenti Ramin Hacılı da təsdiqləyib.

O bildirib ki, ofisdən çıxmalarına səbəb icarə haqqını ödəmək imkanlarının olmamasıdır. Xatırladaq ki, R.Hacılı Azərbaycan Avropa Hərəkatının prezidenti olmaqla yanaşı, həm də Azərbaycan Demokratik İslahatlar Partiyasının Siyasi Şurasının üzvü və partiyanın gənclər təşkilatının sədri idi. Lakin bir neçə gün öncə istefa verərək, partiyadakı vəzifələrindən ayrılıb. R.Hacılının fikrincə, Asim Mollazadənin sədri olduğu partiyadan istefa verib ayrılmasından sonra prezidenti olduğu hərəkatın da ofisindən çıxması təsadüfi hala bənzəmir.

O deyib ki, istifadə etdikləri ofis A.Mollazadəyə məxsus deyildi, onlar orada icarə əsasında yerləşmişdilər. Bununla belə, o, ofisdən çıxmalarının A.Mollazadə ilə hər hansı bir əlaqəsinin olub-olmadığı barədə sualı cavabsız qoyub. R.Hacılının sözlərinə görə, hərəkatda maliyyə problemlərinin yaranmasına səbəb Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların və səfirliklərin onların seçki ilə bağlı layihələrinə qrant ayırmaqdan imtina etməsidir:

"ABŞ-in Demokratiyaya Yardım Fondu, ATƏT-in Bakı ofisi və Böyük Britaniya Səfirliyi layihələrimizi maliyyələşdirməkdən imtina etdi. Həmçinin, maliyyə dəstəyinə ümid etdiyimiz dostlarımız da vədlərinə xilaf çıxdılar. Buna görə də məcbur olduq ki, ofisdən çıxaq. Ötən ildən fərqli olaraq, bu il ofisin xərclərini banklardan aldığımız kreditlərin hesabına ödəyirdik. Ancaq dözüm limitimiz bitdi və ofisdən çıxmaq məcburiyyətində qaldıq".

R.Hacılı bildirib ki, ötən il aldıqları qrantları bu il ala bilməmələrinin səbəbi yuxarıda adı çəkilən qurumların seçki ilə bağlı layihələri özlərinin həyata keçirəcəklərini bildirmələridir. Hərəkat rəhbərinin sözlərinə görə, adı keçən təşkilatlar heç bir QHT-ni maliyyələşdirməyib, həmçinin, onlara müəyyən miqdarda qrant ayıracağını bildirən bir neçə beynəlxalq qurum verdiyi sözə əməl etməyib.

Anar
AzNews.az