Azərbaycanda 25 nəfəri əqrəb sancıb

Son 5 ayda Azərbaycanda 74 nəfəri ilan, 25 nəfəri əqrəb sancıb.

Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov söyləyib.


Azər Maqsudov deyib ki, may ayında 16 nəfəri, iyunda 14 nəfəri, iyulda 18 nəfəri, avqustda 21 nəfəri, sentyabr ayında 5 nəfəri ilan sancıb. İndiyə qədər ilan sancmaları nəticəsində iyun ayında 1 nəfər həyatını itirib. Bu, Salyan rayon Şəkərli kənd sakini, 2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovadır. İlan sancma halları Siyəzən, Kürdəmir, Şəki, Qazax, Tovuz, Qəbələ, Bərdə və Yevlaxda qeydə alınıb.

Azər Maqsudov bildirib ki, may ayında 6 nəfəri, iyunda 4 nəfəri, iyulda 7 nəfəri, avqustda 4 nəfəri, sentyabr ayında 4 nəfəri əqrəb sancıb. Əqrəb sancan şəxslər həkimə müraciət etsələr də, kliniki əlamətlər zəhərlənmə olmadığını göstərib.

Hörümçəyin zəhərli növü olan qara qurd isə iyul və avqust aylarında 6 nəfəri, sentyabrda 3 nəfəri sancıb. Ancaq həkimə müraciət edən həmin şəxslərdə kliniki əlamətlər zəhərlənmə olmadığını göstərib.

AzNews.az