Sumqayıtda top mərmisi tapıldı- FOTO

Sumqayıt şəhərində top mərmisi aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, noyabrın 15-də saat 10:25-də 112 xidmətindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində, Kompressor Zavodu ətrafındakı yaşayış evlərinin yaxınlığında partlayıcı əşya olması barədə əməliyyat məlumatı daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssislər hadisə yerinə göndərilib.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəsəbədə yeni tikilən yaşayış evlərinə su çəkilişi məqsədilə aparılan qazıntı işləri zamanı fəhlələr tərəfindən bir ədəd 100 millimetr top mərmisi aşkar edilib. Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin ediblər və əraziyə kənar şəxslərin girişini məhdudlaşdırıblar. Baxış zamanı məlum olub ki, top mərmisi korroziyaya uğrayıb və döyüş tətbiqinə yararsızdır.

Aşkar edilmiş mərmi aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirildikdən sonra digər partlayış təhlükəli əşya aşkar olunmayıb.

AzNews.az