“Azəriqaz”ın əməkdaşları həlak oldu - QƏZA

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayon polis şöbəsindən AzNews.az-a verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 168-ci kilometrliyində baş verib.

Qəza noyabrın 15-də saat 21:00 radələrində Kürdəmirin Sığırlı kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Bığır kənd sakini 55 yaşlı Feruz Həsənovun idarə etdiyi 90-FD-051 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşın eyni istiqamətə hərəkətdə olan Gədəbəy rayon sakini 39 yaşlı Asif Məmmədova məxsus 21-BD-751 dövlət nömrə nişanlı "KamAz" markalı yük maşının arxa tərəfinə çırpılıb.

Hadisə nəticəsində "VAZ 2107" markalı maşının sürücüsü Feruz Həsənov və sərnişini 56 yaşlı Əzim Qurbanov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, dünyasını dəyişən Əzim Qurbanov "Azəriqaz" İstehsalat Birliyinin Göyçay rayon Qaz İstismar İdarəsinin təbii qazın qəbulu və satışı şöbəsinin rəisi, Feruz Həsənov isə həmin idarənin mühəndisi vəzifəsində çalışıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Ruhiyyə
AzNews.az