Öldürülən həmvətənlərimizin nəşi Azərbaycana göndərildi

Dekabrın 4-də Rusiyanın Murmansk şəhərində öldürülən iki azərbaycanlının nəşi bu gün Azərbaycana göndərilib.


Ümumrusiya Azərbaycan Konqresinin Murmansk vilayəti üzrə nümayəndəsi Afil Hüseynov APA-ya bildirib ki, Lənkəran rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəriman Axundov və 1970-ci il təvəllüdlü Sədi Əzizovun cənazələri bu gün təyyarə vasitəsilə öz rayonlarına göndərilib.

O qeyd edib ki, hadisə ilə bağlı hələ ki saxlanılan yoxdur: "Hadisənin motivində biznes maraqları durur, milli zəmində heç bir hal yoxdur".

Murmanskda yerlilər ilə gəlmələr arasında münasibətlərin yaxşı olduğunu bildirən diaspor rəhbəri deyib ki, son hadisələr ərəfəsində burada milli zəmində heç bir hadisə qeydə alınmayıb.

Qeyd edək ki, dekabrın 4-də saatlarında Murmanskın Xibinski küçəsi, ev 12 ünvanında silahlı insident qeydə alınıb. Nəticədə iki Azərbaycan vətəndaşı ölüb, 1971-ci il təvəllüdlü Rusiya vətəndaşı Həbib Kərimov isə ağır yaralanıb.

AzNews.az