Nizami rayonuna su fasiləsiz veriləcək

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Bakının daha bir rayonunda fasiləsiz su təchizatı rejiminin tətbiqinə başlanıb.

AzNews.az-ın məlumatına görə, cari ilin noyabr ayından paytaxtın Nizami rayonunun böyük bir hissəsinə 24 saat fasiləsiz içməli suyun verilməsi istiqamətində işlərə start verilib.

Görülmüş işlərin nəticəsi olaraq artıq Nizami rayonunda xidmət göstərilən 51490 abonentin 46 mini fasiləsiz su ilə təmin edilib.

Başqa sözlə, hazırda Nizami rayonu üzrə 202 min sakinin 182 min nəfəri və ya 90 faizdən çoxu 24 saat fasiləsiz su alır.

Hələlik rayonun yalnız Elşən Süleymanov, Bəhruz Nuriyev, Şərifli küçələrinin bir hissəsinə, eləcə də Keşlə qəsəbəsinin bəzi yerlərinə içməli su qrafiklə verilir. Həyata keçirilən yenidənqurma işləri tam başa çatdıqdan sonra bu ərazilərə də 24 saat içməli suyun verilməsi təmin ediləcək.

Qeyd edək ki, Nizami rayonunun içməli su təchizatının yaxşılaşdırılması mərkəzi anbarlarda, magistral su xətlərində, eləcə də binadaxili paylayıcı sistemlərdə əsaslı yenidənqurma işləri nəticəsində mümkün olub.

AzNews.az