Sumqayıtdakı insidentlə bağlı daha 4 nəfər saxlanıldı

Əməliyyat-istintaq tədbirləri davam etdirilir




Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Sumqayıtda baş vermiş silahlı münaqişədə şübhəli bilinən daha dörd nəfər - şəhər sakinləri Əhməd Salmanov, Kənan Mehrəliyev, Rövşən Musayev və Elşən Məmmədov tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd "F-1" qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülmüşdür.

R.Musayevin baş və bədəninin müxtəlif nahiyələrində bıçaq xəsarətlərinin olması aşkar edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, dekabrın 11-də saat 20:30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən "Çay evi"ndə ekstremist təmayüllü "xəvarici"lərlə "Sələfi" təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib, nəticədə şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar.

Daha sonra "Çay evi"nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıb, avtomat silahdan atılmış güllələr yaxınlıqdakı mənzilə və hərəkətdə olan avtomobilə dəyib, xəsarət alan olmayıb.

AzNews.az