Rasim Əliyev: "Orqanlar tibb eksperti tərəfindən çıxarılır, müayinədən keçirilir və yenidən qaytarılaraq həmin boşluqlara qoyularaq tikilir" Rasim Əliyev: "Orqanlar tibb eksperti tərəfindən çıxarılır, müayinədən keçirilir və yenidən qaytarılaraq həmin boşluqlara qoyularaq tikilir"

Əsgərin orqanları çıxarılıb, amma...

Rasim Əliyev: "Orqanlar tibb eksperti tərəfindən çıxarılır, müayinədən keçirilir və yenidən qaytarılaraq həmin boşluqlara qoyularaq tikilir"



"Avqustun 6-da Naxçıvandakı N saylı hərbi hissədə hemorragik vaskulit xəstəliyindən vəfat edən əsgər Tayfur Bəyovla bağlı yanlış məlumatlar meydana atıldıqdan sonra bəzi "hərbi ekspertlər" və "yazarlar" dünyasını dəyişən əsgərlərin guya daxili orqanlarının götürülməsi barədə mövzunu gündəmdən çıxarmaq istəmirlər.

Məlumat üçün bildirmək istəyirəm ki, istər mülkidə, istərsə də hərbidə hər hansı ölümün səbəbini təyin etmək məqsədi ilə meyit yarılır və onun daxili orqanlarından laborator müayinələr üçün tikəciklər (histoloji, kimyəvi, bioloji, kriminalistik) götürülür. Bu proses ölümün səbəbini tam dəqiqləşdirilməsi məqsədi ilə hüquq mühafizə orqanlarının yazılı qərarı əsasında, video və foto çəkiliş əsasında həyata keçirilir". Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bunu nazirliyin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisi, Silahlı Qüvvələrin Baş Məhkəmə Tibb eksperti, tibb elmləri namizədi Rasim Əliyev bildirib.


Rasim Əliyev deyib ki, meyitin müayinəsində prokurorun və ya müstəntiqin icazəsi ilə mərhumun valideynləri yaxud yaxın qohumları iştirak edə bilərlər və əksər hallarda iştirak edirlər də: "İstər xəstəlikdən, istərsə də zorakılıqdan ölüm hallarına görə meyit yarılır. Ekspertizanın keçirilməsinə dair müvafiq təlimata əsasən meyitin müayinəsi zamanı üç boşluq – kəllə boşluğu, döş boşluğu və qarın boşluğu açılır. Həmin boşluqdakı orqanlar məhkəmə tibb eksperti tərəfindən çıxarılır, müayinədən keçirilir və yenidən qaytarılaraq həmin boşluqlara qoyularaq tikilir. Sonra meyit yuyulur və ağ mələfəyə bükülüb təmiz halda adiyyəti üzrə təhvil verilir.

Ümumiyyətlə, dünyanın hər yerində meyitin müayinəsi bu cür aparılır və heç bir yerdə bizdəki kimi bunu daxili orqanların çıxarılaraq satılması kimi qələmə verilməyə cəhd edilmir. Ən azı ona görə ki, onlar ölmüş insanların toxumalarının da öldüyünü və yararsız olduğunu bilirlər. Bizdəki "ekspertlər" və ya "yazarlar" kimi öz savadsızlıqlarını nümayiş etdirmirlər".


Ekspert daha sonra bunları deyib: "Sifarişli şəkildə Müdafiə Nazirliyinə qarşı aparılan bu çirkin kampaniyaya biganə qalmaq fikrində deyilik. Təsəvvür edin, "hərbi ekspert" Ələkbər Məmmədov iddia edir ki, əsgərlərin orqanlarının çıxarılması bəzi oliqarxlara orqanların lazım olması ilə bağlıdır. Bu ittihamlarla bağlı mən Ələkbər Məmmədovu məhkəməyə verməyi düşünürəm. Qoy dediklərini sübut etsin".


AzNews.az