Vüsal Şilderin anası: "Cinayətkarlara hökm oxunacaq”

Bu gün Binəqədi Rayon Məhkəməsində Azərbaycan əslli alman vətəndaşı Vüsal Şilderin ötən ilin 2 mayında qətlə yetiriməsindən 20 gün əvvəl-aprelin 11-də maşınına narkotik atan 4 nəfər şəxs barəsində növbbəti məhkəmə prosesi keçirilir. Bu barədə AzNews.az-a məlumatı mərhumun anası Mətanət Şilder bildirib. Onun sözlərinə görə, məhkəmə prosesi bir il idi ki, uzanır: "Ümid edirəm ki, dövlət ittihamçılarına bu gün hökm oxunacaq. Bu ayın 13-də keçirilən məhkəmə prosesində dövlət ittihamçısının təqsirləndirilən İlham Məmmədova və Qurban Novruzova 8 il, Kənan Babayev və Türkiyə vətəndaşı Yaşar Sumerə 7 il iş istəyib. Prosesdə bizim tərəfimizdən vəkil Aslan İsmayılov çıxış etdi. Bugünkü məhkəmədə zərərvurmuşların vəkilləri çıxış edəcək. Açıq-aşkar hiss olunur ki, hakim prosesi uzatmaq istəyir. Amma mən ümid edirəm ki, bu gün cinayətkarlara hökm oxunacaq".

Mətanət Şilder həmçinin vurğulayıb ki, mətbuat nümayəndələrinin bugünkü məhkəmədə iştirak etmək üçün vəsatət qaldırılıb: "Məhkəmə açıq keçirldiyi zaman niyə də mətbuat nümayəndələri burada iştirak etməsinlər? Oğlumun işində mətbuatın fəallığı o qədər də qaneedici deyil. Ümid edirəm ki, bu gün ki, məhkəmə KİV-lər üçün açıq olacaq".

Xatırladaq ki, dəmir barmaqlıqlar arxasında olan keçmiş polis mayoru İlham Məmmədov, Qurban Novruzov, Türkiyə vətəndaşı Sümer Yaşar və hələ azadlıqda olsa da, barəsində cinayət işi olan Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsinin keçmiş müavini Kənan Babayev qabaqcadan əlbir olaraq 2013-cü ilin 11 aprelində Şilder Vüsal Adolf oğlu tərəfindən idarə olunan avtomaşını qəsdən zədələməklə ona xeyli miqdarda ziyan vurublar, vəzifə səlahiyyətlərini aşaraq və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ağır cinayət törədiblər. Toplanmış faktlar üzrə adıçəkilən şəxslər və qeyriləri barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi, ədliyyə müşaviri Pərviz İbayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2, 32.5, 309.2, və 308.1 maddələri ilə cinayət işi başlanlıb.

Qeyd edək ki, Vüsal Şilderin qatillərinin məhs Binəqədi Məhkəməsinin sədri Sədrəddin Hacıyevin himayə etməsi barədə informasiyalar var.

Amid
AzNews.az