- Köhnə - Hadisə
- 9 Oktyabr 2014 12:40
- 3 555
Əlillərə 18 mindən çox ləvazimat paylanıldı
Bu ilin 9 ayında Azərbaycanda əlilliyi olan şəxslər 18 min 44 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.
AzNews.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadla verdiyi məlumata görə, Bakı Protez-Ortopedik Bərpa Mərkəzi cari ilin 9 ayında tibbi göstərişi olan 569 nəfər əlilliyi olan şəxsi əlil arabası ilə təmin edib.
Bu müddətdə mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 671 ədəd aşağı ətraf və 102 ədəd yuxarı ətraf protezləri, 238 ədəd ortez-korset, 224 ədəd döş protezi, 569 cüt qoltuqaltı, 824 ədəd əsa, 1219 cüt ortopedik ayaqqabı, 369 ədəd eşitmə aparatı və s. ilə təmin ediliblər. Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslər müxtəlif növlərdə 18 044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.
Eyni zamanda, ötən ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmri ilə yaradılmış, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqadalar tərəfindən hesabat dövründə 20-dək rayon üzrə ayrı-ayrı əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.
AzNews.az