Qonşusunun evini taladı- Masallıda

Masallıda oğurluq hadisəsi baş verib.


Masallı Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Azər Bəhmənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Ağakişibəyli kəndində qeydə alınıb.

Bakı şəhəri, Hövsan qəsəbəsində qeydiyyatda olan və hazırda Masallının Abbasbəyli kəndində müvəqqəti yaşayan, əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Eldar Tofiq oğlu Şahbazov tamah məqsədilə qonşusu Bəybala Fətulla oğlu Fətullayevin evinə daxil olaraq, mənzildəki sandıqda saxlanılan qızıl-zinət əşyalarını və 180 manat manat pulu götürüb. Nəticədə zərərçəkmişə ümumilikdə 1685 manat dəyərində maddi ziyan vurub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E. Şahbazov saxlanılıb və istintaq orqanlarına təhvil verilib. Onun oğurladığı qızıl-zinət əşyaları və pul isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.