- Köhnə - Hadisə
- 8 Fevral 2015 18:07
- 5 548
Lamiyənin anası müsahibə vermədiyini deyir- “Aslanov yaydırıb”
“Məndən ANS TV müsahibə istədi, vermədim. Mən heç kimə müsahibə verməmişəm. Həmin müsahibəni yəqin ki, Aslan Aslanov mənim adımdan yaydırıb”
"Qafqazinfo"nun məlumatına görə, bu sözləri musavat.com-a məhkum Lamiyə Quliyevanın anası Kifayət Quliyeva deyib.
O, bildirib ki, dünən (fevralın 7-də) 4 saylı Cəzaçəkmə Müəssisəsində qızı ilə görüşüb: "Vəziyyəti yaxşıdır. 5-cü gün məhkəmə olacaq. Allah bizi bu hala salanın, bizi şərləyib, ömrümüzü qaraldanın ömrünü kəssin".
Belə xəbərlər də var ki, L.Quliyevanın efirə çıxarılması üçün ona təzyiqlər olunur. Məhkum qadını efirə çıxarmaqla, bu günə qədər yazılanların dolayısı ilə də olsa, təkzib edilməsi, Aslan Aslanovun "təmiz"ə çıxarılması məqsədi güdülür.
Qeyd edək ki, sözügedən müsahibəni azvision.az saytı yaymışdı.
Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin may ayında o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. Məhkəmənin qərarı ilə L.Quliyeva 10 il müddətinə, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
L.Quliyevanın həbs müddəti 2012-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin may ayında həbsdən azad edilməli idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.