- Köhnə - Hadisə
- 11 Fevral 2015 21:37
- 2 995
2 aylıq körpəni oğurlayan qadın məhkəmədə səsini başına atdı- VİDEO
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda ötən ilin iyununda iki aylıq körpəni oğurlamaqda təqsirli bilinən 47 yaşlı Xırda Babayevanın cinayət işi üzrə məhkəməsi başa çatıb.
Bir vaxtlar körpəsinin oğurlanması şikayəti ilə ANS-ə müraciət edən Sumqayıt şəhər sakini Aysel Əhmədovadır. Bu gün isə o körpəsini oğurlamaqda ittiham edilən Xırda Babayeva üzərində məhkəmə prosesinin mətbuatın iştirakı olmadan keçirilməsini tələb etdi.
Prosesdə müttəhim Xırda Babayeva Aysel Əhmədovanın iki aylıq qızı Aylini özünün uşağı olmadığına görə oğurladığını dedi. Sonda məhkəmə müttəhimi uşaq oğurluğunda günahkar bilərək 11 il müddətinə azadlıqdan məhrum etdi.
"Məhkəmənin verdiyi höküm dövlət ittihamçısının istədiyi cəzadan bir il az oldu. Belə ki, dövlə ittihamçısı 12 il müddətində cəza istəmişdi. Biz məsləhətləşib hökmdən apellyasiya şikayəti verəcəyik. Məhkəmə istintaqı dövründə çalışdıq ki, onunla barışığa nail olaq. Təəssüf ki, zərər çəkmiş şəxs bundan imtina etdi. İndi isə o, bu hökmdən narazıdır. Məhkəmə zamanı bəyan etdi ki, o da apellyasiya şikayəti verəcək", – deyə Xırda Babayevanın vəkili Anar Qasımlı bildirib.
Məhkəmə prosesi başa çatsa da, bu hadisə ilə bağlı qaranlıq qalan bir çox məqamlar var. Onların sırasında hazırda vaxtı ilə oğurlanmış Aylin də daxil olmaqla 3 uşağı internatda olan Aysel Əhmədovanın davranışı da var.
Xatırladaq ki, ötən ilin avqustunda Aysel Əhmədova yaşadığı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək iki aylıq qızının oğurlanması barədə məlumat vermişdi. Hadisənin baş verdiyi ərazidə kifayət sayda kameraların olmasına baxmayaraq cinayəti törədən şəxsin bir müddət tapılmaması suallar doğururdu.
Hətta Sumqayıtda uşaq oğurluğu ilə məşğul olan dəstənin olduğu barədə məlumatlar da yayılmağa başlamışdı. ANS TV uşağın axtarışları gedən dövrdə bu məsələni diqqət mərkəzində saxladı. Sonda Sumqayıt polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində cinayəti törətməkdə ittiham edilən Xırda Babayeva həbs edildi.
İndi bu iş üzrə məhkəmə prosesi çox güman ki, apellyasiya məhkəməsində davam edəcək. Müttəhim Xırda Babayeva Ayseldən bağışlanmasını xahiş edir və bunun müqabilində Aylinə ömrünün sonuna qədər maddi dəstək göstərəcəyinə söz verir. Uşağı oğurlanan Aysel Əhmədova isə apellyasiya məhkəməsinə müraciət edərək Xırda Babayevaya verilən cəzanın 15 ilə çatdırılmasını tələb etmək fikrindədir.
Burda qaranlıq məqamlar olduğundan söhbət bəlkə də uşaq oğurlunğundan çox, uşaq alverindən gedir. Və məsələni diqqətdə saxlayacağıq.