Baş Prokurorluq valyuta mübadilə şöbələrində aşkar edilmiş qanun pozuntularına görə 5 nəfəri saxlayıb. Baş Prokurorluq valyuta mübadilə şöbələrində aşkar edilmiş qanun pozuntularına görə 5 nəfəri saxlayıb.

Valyutadəyişmə məntəqələrində əməliyyat – 5 pul dəllalı həbs olundu

Baş Prokurorluq valyuta mübadilə şöbələrində aşkar edilmiş qanun pozuntularına görə 5 nəfəri saxlayıb.


AzNews.az Baş Prokurorluğa istinadən xəbər verir ki, son günlər ayrı-ayrı vətəndaşların xarici valyutanın alqı-satqısı zamanı sui-istifadə hallarına yol verilməsi barədə çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaq-əməliyyat tədbirləri həyata keçirib.

İlkin araşdırmalar göstərib ki, 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edildikdən sonra xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması ilə əlaqədar bir sıra valyuta dəyişmə şöbələrindəki qanun pozuntuları əhalinin aldadılması, əsassız ajiotajın yaranması və bu sahədə vəziyyətin gərginləşməsinə səbəb olub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri ilə bir sıra valyuta mübadilə şöbələri tərəfindən valyuta alqı-satqı əməliyyatlarının məqsədli şəkildə müvəqqəti dayandırılması, bəziləri tərəfindən milli pulun olmaması bəhanəsi ilə belə əməliyyatlardan əsassız olaraq imtina edilməsi halları aşkar edilib. Bundan əlavə, bəzi valyuta mübadilə şöbələri tərəfindən xarici valyutanın, xüsusən də ABŞ dollarının Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi səviyyədən xeyli aşağı məzənnə ilə alınması halları müəyyən olunub.

Bakı şəhərində keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 15 valyuta dəyişmə məntəqəsindən istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, milli və xarici valyutada pul vəsaitləri aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə 6 cinayət işi başlanıb, 5 şəxs cinayət başında yaxalanıb.

Mərkəzi Bankın müəyyən etdiyi xarici valyuta məzənnəsinə zidd olaraq "Yunayted Kredit Bank" ASC-dən müvafiq lisenziya almış Emil Həsənovun Bakı şəhəri, Ağa Nemətulla küçəsi 32 saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində, "Zaminbank" ASC-dən müvafiq lisenziya almış Rəşad Baxşıyevin Bakı şəhəri, 28 may küçəsi 25 saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində vətəndaşlara məxsus xarici valyutanı manata mübadilə etməklə qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmələrində, eyni zamanda müvafiq lisenziya almadan Zülfüqar Həsənovun Bakı şəhəri, Atatürk prospekti 97-105 saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində, Arif İsmayılovun Bakı şəhəri, Q.Qarayev prospekti 65D saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində, Sənan Kəlbəliyevin Bakı şəhəri, M.Mirqafarov küçəsi 14 saylı ünvanda yerləşən valyuta dəyişmə məntəqəsində vətəndaşlara məxsus xarici valyutanı manata mübadilə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları və qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan Zülfüqar Həsənova, Rəşad Baxşıyevə, Sənan Kəlbəliyevə Cinayət Məcəlləsinin 178.2.3-cü, 192.2.2-ci maddələri, Arif İsmayılova 178.2.3 və 192.2.1-ci maddələri, Emil Həsənova isə 178.2.3-cü maddəsi ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda belə halların aradan qaldırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nigar
AzNews.az