İcra hakimiyyəti 150 minlik qalmaqala görə məhkəməyə üz tutur- Açıqlama

Gədəbəy Rayon İcra Hakimiyyəti iş adamı Oqtay Əliyevin qaldırdığı iddianın məhkəmə tərəfindən təmin olunması ilə bağlı apellyasiya şikayəti verəcək.

Bu barədə AzNews.az-a Gədəbəy Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov məlumat verib. O, qarşı tərəf olaraq məhkəməyə çağırılmadıqlarını, buna görə də çıxarılan qərarın qanunsuz olduğunu bildirib: "Gəncə Apellyasiyasına təqdim olunmaq üçün sənədlər artıq hazırdır. Çünki Oqtay Əliyev Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə bağlanmış 1 saylı müqavilənin şərtlərini pozub. Ona verilmiş 20 sot ərazidə əsaslı təmir işləri aparıb. Halbuki, müqaviləyə əsasən o ərazidə əsaslı tikinti işləri aparmaq qəti qadağandır.

Oqtay Əliyev isə qaydaları pozaraq meşə örtüyünü məhv edib. Məsələ ilə bağlı Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi icra hakimiyyətinə məktubla müraciət edib və bizdən tədbir görülməsini istəyib. Biz də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 4 dəfədən çox məktub yazmışıq. Hadisə yerinə gəlib baxış keçirəndən sonra müəyyən olunub ki, həqiqətən də Oqtay Əliyev orada qanunsuz tikililər aparır. İcra hakimiyyəti və Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən Oqtay Əliyevin öz hesabına həmin tikililərin sökülməsi ilə bağlı Gədəbəy Rayon məhkəməsində iddia qaldırılıb. İddiaya 2 mart 2015-ci il tarixində baxılıb və tələbin yerinə yetirilməsi ilə bağlı qərar çıxarılıb".

Zülfüqar İsgəndərov Oqtay Əliyevin turizm obyektində söküntü işlərinin aparılmadığını, əsaslı tikililərin hamısının yerində olduğunu qeyd edib. İcra hakimiyyətinin hüquq şöbəsinin müdiri iş adamı Oqtay Əliyevin 150 minlik rüşvət iddiasına da münasibət bildirib: "Əliyev Oqtay həmin bu tələblə icra başçısının birinci müavini Qüdrət Paşayevə qarşı iddia qaldırmışdı. Rayon prokurorluğunda məsələ ilə bağlı araşdırma aparıldı və inayət işinin rədd olunması barədə qərar çıxarıldı. Yəni onun rüşvət iddiası sübut olunmadı. Rayonun abadlaşdırılması üçün icra hakimiyyətinə pul köçürməsi ilə bağlı iddiası isə böhtandan başqa bir şey deyil".

Qeyd edək ki, Oqtay Əliyev adlı iş adamı 2013-cü ildə Gədəbəy rayonunda inşasına başladığı turizm obyektinin icra hakimiyyəti tərəfindən qanunsuz şəkildə sökülməsi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə onun iddiasını təmin edərək, Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manat tutularaq Əliyev Oqtaya verilməsi barədə qərar çıxarıb.

Nigar
AzNews.az