Bakıda kitab evi qarət edildi – Polis cinayətkarı niyə tutmur?

“Əli və Nino” kitab mağazaları şəbəkəsində bu gecə oğurluq olub.


Bu barədə məlumatı AzNews.az-a mağazalar şəbəkəsinin sahibi Nigar Köçərli verib. Onun sözlərinə görə, son 5 ay ərzində eyni şəxs 5 dəfə Bakı şəhəri, Nizami küçəsi 91 ünvanında yerləşən "Əli və Nino" mağazasına gecə pəncərəni, yaxud qapını sındırıb oğurluq edib. Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başladılıb. Maraqlısı isə odur ki, şəxsin kimliyi müəyyən olunsa da məsuliyyətə cəlb edilmir: "Cinayətkar dünən axşam da mağazadan oğurluq edib. Ondan əvvəl isə fevralın 17-də mağazaya gəlibmiş. Hər dəfə nəsə oğurlayıb gedir. Keçən dəfə qutudan xəstə qız üçün toplanan pulları və köhnə noutbuku oğurlayıb. Bu dəfə də pəncərənin üstündə olan "reşotkanı" və pəncərənin şüşəsini sındıraraq içəri daxil olub və kassada olan 17 manatı götürüb gedib. Cinayət əməli mağazada yerləşən təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. Bu iş Nəsimi rayon istintaq şöbəsinin müstəntiqi Vüqar Məcidovun icraatındadır. Amma müstəntiq onun cinayət məsuliyyətinə cəlb olunması üçün heç bir qanuni tədbir görmür".

N. Köçərlinin sözlərinə görə, istintaq şöbəsindən verilən məlumatda bildirilir ki, cinayət əməlini törədən şəxsin şəxsiyyətini təsdiq edən heç bir sənədi yoxdur. Buna görə də, onun cinayət məsuliyyətinə cəlb edə bilmirlər: "Çox biabırçı bir vəziyyət yaranıb. Təsəvvür edin ki, Bakının mərkəzində - "Nizami" küçəsində artıq 5-ci dəfə eyni şəxs tərəfindən dükan qarət edilir, bizə maddi və mənəvi ziyan vurulur, amma aidiyyəti qurumlar bunu qulaqardına vururlar. Özü də həmin adamın kimliyi bəlli ola-ola... Hər dəfə polisə müraciət edirik, amma hər dəfə çox soyuq münasibətlə qarşılanırıq. Güclə, dava-dalaşla məcbur edirik ki, ərizəmizi qəbul etsinlər. Sonra guya ki, həmin şəxsi saxlayıb 1-2 gündən sonra buraxırlar. Bu barədə Baş Prokurorluğa, DİN-ə, Nəsimi Rayon Prokurorluğuna dəfələrlə şikayət ərizəsi yazmağımıza baxmayaraq, indiyə kimi həmin şəxsin məsuliyyətə cəlb olunması üçün heç bir iş görülmür".

Mövzunun davamı olacaq.

Nigar Etibar