Əsgəri güllələyən çavuş həbs edildi

Azərbaycanda əsgəri avtomat silahdan atəş açaraq qətlə yetirən çavuş həbs edilib.



Hərbi Prokurorluqdan Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Bayramov Anar Günəş oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktına görə 7 mart 2015-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmış təxirəsalınmaz istintaq hərəkətləri nəticəsində əsgər Anar Bayramovun həmin hərbi hissənin kiçik çavuşu Bəyverdiyev Tural Gülmirzə oğlu tərəfindən avtomat silahdan açılmış atəş nəticəsində qəsdən öldürülməsi müəyyən edilib.

Toplanmış sübutlar əsasında 9 mart 2015-ci il tarixdə Tural Bəyverdiyev Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Gəncə hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan seçilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir, iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılması və müvafiq qərar qəbul edilməsi təmin ediləcək.