Tarixdə bu gün: 15 mart Tarixdə bu gün: 15 mart

Bu gün Azərbaycanda Mətbuat Şurası yaradılıb – 12 il öncə

Tarixdə bu gün: 15 mart



Tarixdə bu gün martın 15-də Milli Məclis Rusyianın Ermənistana gizli silah satması ilə bağlı bu ölkənin rəhbərliyinə etiraz bəyanatı göndərib, Azərbaycanda Mətbuat Şurası yaradılıb, ABŞ dövlət katibi Kolin Pauell Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqlar raundunu Florida ştatının Ki Vest şəhərində keçirmək təşəbbüsü ilə çıxış edib.

1830 - Alman yazıçısı, ədəbiyyat üzrə "Nobel" mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse , 1830-1914) anadan olub. 15 mart 1924 - Rus yazıçısı, ssenarist ("Batalyonlar atəş istəyir", "Qaynar qar" və s.) Yuri Vasilyeviç Bondarev anadan olub.
1893 – Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi Aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev, 1893-1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.

1893 – Şair-aşıq İslam Qara oğlu Yusifov (Aşıq İslam, 1893- 7.12.1968) Göyçə mahalının Basarkeçər bölgəsinin (indiki Ermənistanın Vardenis rayonu) Nərimanlı kəndində doğulub.

1897 - Xalq artisti, məşhur aktyor Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897-1988) Şamaxıda anadan olub. Bəxtiyar" (Ağabala Hüseynov), "O olmasın, bu olsun" (Rüstəm bəy), "Qızmar günəş altında" (Sərdarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

1899 - Xalq artisti, aktyor Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (1899 - 12.4.1969) Bakının Fatmayı kəndində anadan olub. "Görüş" filmində (Çayçı) çəkilib.
1924 - SSRİ Xalq artisti, aktyor Vladimir Yakovleviç Samoylov (1924-1999) anadan olub. "Azərbaycanflim"in istehsalı olan "26 Bakı komissarı" (Şaumyan), "Ulduzlar sönmür" (Nərimanov) flimlərində çəkilib.

1937 - Tanınmış rus yazıçısı Valentin Qriqoryeviç Rasputin anadan olub. "Yaşa və unutma", "Yanğın" və s. romanların müəllifidir.

1941 - Tanınmış şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 - 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.

1941 – Şair, tərcüməçi, nasir Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı) Quba rayonunun Cimi kəndində anadan olub.

1968 - 80-ci illərin məşhur italyan estrada müğənnisi Sabrina (Norma Sabrina Salerno) anadan olub.

1991 - SSRİ-də rəsmi səfərdə olan Türkiyə prezidenti Turqut Özal Bakıya gəlib. Bu, Türkiyənin dövlət başçısının Azərbaycana ilk səfəri idi.

1995 - Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı başlanıb. XTPD qüvvələri Bakının 8-ci km qəsəbəsindəki qərargahda istehkam quraraq ölkə rəhbərliyinin istefasını tələb ediblər. Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov və qardaşı Mahir Cavadov (Xətai rayonunun keçmiş prokuroru) başçılıq ediblər. Prezident Heydər Əliyev məsələni dinc yolla sahmanlamağa çalışsa da, əks tərəf dialoq təklifini rədd edib. Bundan sonra R.Cavadov daxili işlər nazirinin müavini vəzifəsindən azad edilib.

1997 - Milli Məclis Rusyianın Ermənistana gizli silah satması ilə bağlı bu ölkənin rəhbərliyinə etiraz bəyanatı göndərib. Rusiyanın 1994-1997-ci illərdə Ermənistana 1 mlrd. dollar dəyərində silah satması barədə faktlar Rusiya Dövlət Dumasının deputatı Lev Roxlin tərəfindən açıqlanmışdı.

2001 - ABŞ dövlət katibi Kolin Pauell Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqlar raundunu Florida ştatının Ki Vest şəhərində keçirmək təşəbbüsü ilə çıxış edib. Danışıqlar aprelin əvvəlində keçirilib.

2003 - Azərbaycanda Mətbuat Şurası yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Şuranın rəhbər heyəti seçilib.