Bu gün Günəş tutulması hadisəsi baş verəcək. Bu gün Günəş tutulması hadisəsi baş verəcək.

Bu gün Günəş tutulacaq

Bu gün Günəş tutulması hadisəsi baş verəcək.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatmaqla 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq.

O deyib ki, Azərbaycandan Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək: "Belə ki, ölkəmizdə Günəş tutulmasının müşahidə olunması saat 13:46-da başlayacaq, saat 14:30-da maksimumda olacaq, saat 15:18-də isə başa çatacaq. Günəş tutulmasını biz yalnız qismən müşahidə edə biləcəyik. Biz baxdıqda görəcəyik ki, Ayın diski Günəşin yarı səhtini örtüb".

X.Mikayılovun sözlərinə görə, Günəş tutulmasını Şimali Afrika, Şimali Asiya və Avropa ölkələrində qismən, İslandiya, Atlantik okeanının şimal hissəsində və Şimal Buzlu Okeanı hövzəsində isə tam müşahidə etmək mümkün olacaq.

Direktor müavininin sözlərinə görə, Günəş tutulmasını adi gözlə müşahidə etmək mümkün deyil. Çünki bu, çox təhlükəlidir. Günəş tam tutulduqda isə bu təhlükə daha da artır. Bunun üçün xüsusi eynəklərdən istifadə etmək lazımdır: "Adi vaxtlarda da Günəşə baxmaq mümkün olmur. Ay Günəşin qarşısından keçən zaman ondan uzaqlaşdıqca Günəşin işıqlı yeri gözə çox kəskin təsir edə bilər. Tutulma zamanı qəfil ziddiyyət - qaranlıq, daha sonra işıqlı hissə yarandığı üçün bu, gözü hətta kor edə bilər".

X.Mikayılov bildirib ki, Ay, Günəş tutulmaları gözlə görüldükdə insanlara yalnız psixoloji baxımdan təsir edə bilər. Bu hadisələrin insan səhhətinə başqa heç bir təsiri olmur.