YAP rayon təşkilatının sədri vəfat etdi

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, keçmiş deputat Fikrət İsmayılov dünyasını dəyişib.



YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev APA-ya açıqlamasında bildirib ki, 81 yaşlı F.İsmayılov bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Fikrət İsmayıl oğlu İsmayılov 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olub. Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı oğlan orta məktəbini, daha sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat və istehsalat əsasları ixtisası üzrə bitirib. 1960-cı ilin noyabr ayından AMEA Fizika İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. 1973-cü ildə Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində Moskvadakı Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialı yaradılıb və Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Fizika İnstitutundan bir neçə nəfər, o cümlədən Fikrət İsmayılov həmin instituta keçib. Həmin vaxtdan keçmiş SSRİ-nin süqutuna qədər orada fəaliyyət göstərib. SSRİ dağılandan sonra isə həmin institut Foto-Elektronika İnstitutu adı ilə Milli Elmlər Akademiyasının tabeçiliyinə verilib. Sonradan isə Fizika İnstitutu ilə birləşdirilib və Fikrət İsmayılov Fizika İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərib. Fizika-riyaziyyat elmləri doktoru, professor F.İsmayılov 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransından etibarən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olub. Birinci çağırış (1995-2000) Milli Məclisin deputatı olub. 1993-cü il fevralın 20-dən YAP Yasamal rayon təşkilatına rəhbərlik edib.