1400 manata görə 25 minini aldılar – Azərbaycanda Lombard fırıldağı

Ucarda Lombarddan pul götürən vətəndaşlar fırıldaqla üzləşiblər.


Belə ki, rayon sakini Ceyhun Məmmədov 2 yaxın dostu ilə birlikdə "El and N" adlı Lombardla müqavilə bağlayaraq 25 000 dollar dəyərində qızıl zinət əşyalarını girov qoyaraq, 1400 manat dəyərində pul götürüb. 140 manatdan ödəniş edən C.Məmmədov 6 ay sonra faizləri ödəyə bilməyib. Lombardın qanunsuz əməlləri də bundan sonra başlayıb.

Bu barədə AzNews.az-a zərərçəkən C.Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, sonrakı aylarda faizi ödəyə bilmədiyi üçün Lombarda girov qoyduğu qızıl-zinət əşyaları mənimsənilib: "Bizim qoyduğumuz girovların dəyəri 25 min dollardır. Amma onlar zinət əşyalarının üzərindəki brilliantları nəzərə almadılar. Lombardın sahibi Nigar xanıma zəng edib, şikayət etdim ki, 1400 manata görə 20 minlik əşyanı mənimsəmək doğru deyil. Bildirdim ki, 840 manat ödənişdən sonra ödəniş edə bilmədiyimiz üçün heç bir xəbərdarlıq edilmədən qızıl zinyət əşyalarının satılaraq mənimsənilməsi qanunsuzluqdur. Mənə dedi ki, get hara istəyirsən şikayət et".



C.Məmmədov "1400 manatı Lombarddan götürmək əvəzinə niyə qızılların bir qismini satıb pula çevirməyib?" sualına isə belə cavab verib: "Bu qızılları özümüz satmadıq ki, üç nəfərə məxsus cehizdir, yadigardır. Düşündük Lombarddan götürdüyümüz pulu alverə yönəldib qazancımızdan verib qurtarıb qızıllarımızı geri alarıq. Elə oldu ki, fikirləşdiyimiz kimi ticarət fəaliyyətimiz alınmadı, ziyana düşdük.

İndi isə "EL and N" MMC-nin talançı hərəkətlərinə görə özümüzü öldürmə həddindəyik. Bu brilliant qaşlı qızıl zinət əşyaları evimizin ailəmizin cehizi yadigarı idi".




Zərərçəkənlər məsələ ilə bağlı Prezident İlham Əliyevə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Maliyyə Nazirliyinə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət ediblər. Onlar "El and N" MMC-nin fəaliyyətinin yoxlanılmasını, müqavilə şərtlərinin qanuna müvafiq olub-olmaması ilə bağlı araşdırılma aparılmasını tələb edirlər.

Məsələ ilə bağlı MMC-nin rəhbəri Nigar xanımla əlaqə saxladıq. O, şikayətçiləri məhkəməyə müraciət etməyə çağırıb: "Bu, mülki məsələdir. Burada cinayət xarakterli əməl, yaxud qanun pozuntusu yoxdur. Məhkəməyə müraciət etsinlər".

Nigar ETİBAR