«Məşqçilərimiz baş verənlərdən xəbərdar olmalıdırlar»

FİLA-nın Bolqarıstanda təşkil etdiyi məşqçilər seminarında iştirak edən Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov, sərbəst güləş üzrə millimizin böyük məşqçisi Firdovsi Umudovun 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilməsinə münasibət bildirib. AzNews.az xəbər verir ki, olimpiya kateqoriyalı hakim bu hadisəni Azərbaycan idmanı üçün böyük hadisə sayıb:

"Seminarın gedişində Azərbaycan güləşçilərinin Londonda əldə etdiyi nailiyyətlər xüsusi müzakirə mövzusu oldu. Fəaliyyətimiz bir çox ölkə nümayəndələri üçün nümunə göstərildi. Bu, bizi çox sevindirir. Eyni zamanda, üzərimizə böyük məsuliyyət qoyur. Toplantı başa çatdıqdan sonra növbəti olimpiya sikli üçün FİLA-nın müəyyənləşdirdiyi və tərtib etdiyi yeni planlarla tanış olacağıq. Daha sonra ən son yeniliklərlə bağlı Azərbaycanda seminarlar təşkil edəcəyik.

İstəyirik ki, bizim məşqçilərimiz də dünya güləşində baş verənlərdən xəbərdar olsunlar və işlərini buna uyğun qursunlar. Firdovsi Umudovun dünyanın ən yaxşı məşqçisi seçilməsi isə digər məşqçilərimiz üçün əlavə motivasiya olacaq. Çünki bizim kifayət qədər səviyyəli, öz işlərini yaxşı bilən çalışdırıcılarımız var və onlar da qarşıdakı illərdə belə nailiyyət əldə edə bilərlər".

Kamran Hacı
AzNews.az