«63 yaşımda 8-ci dəfə Azərbaycan bayrağını qaldırdım»

Ötən həftə ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında dünya çempionatı keçirilib. Yarışda Azərbaycan komandası da iştirak edib. 12 təmsilçimiz Vətənə medalla dönüb.

Fərqlənənlər sırasında Hacı Məhəmməd Müslümzadə də yer alıb. O, mütləq çəkidə güləşib. Təcrübəli idmançı uğurunu bu gün AzNews.az-la paylaşıb: "Çox güclü yarış idi. Bu dünya çempionatında 100 ölkədən 1500-ə yaxın idmançı mübarizə aparırdı. Yaxşı çıxış etdik. Şadam ki, 63 yaşımda 8-ci dəfə Azərbaycan bayrağını qaldırdım. Bu yarışda 4 görüş keçirdim. Öncə argentinalı, sonra yerli cüdoçuya qalib gəldim.

Növbəti qarşılaşmada çex həmkarıma uduzsam da, bürünc mükafat uğrunda mübarizədə Ukrayna təmsilçisi üstələdim. Hələ də özümü gümrah hiss edirəm. Gələcək yarışlarda da ölkəmizin uğurları üçün çalışacağam".

Qeyd edək ki, Məhəmməd Müslümzadə milliyətcə Azərbaycan rusudur. O, 50 yaşında İslam dinini qəbul edib. Ulu öndər Heydər Əliyevin dəstəyi ilə Məkkəni ziyarət edib, Hacı tituluna yiyələnib. Qonağımız veteran cüdoçular arasında Avropa çempionudur. 2 dəfə dünya çempionatında 3-cü yerə çıxıb. Sambo güləşində dünya çempionu və 4 dəfə bürünc medalçıdır.

Kamran Hacı
AzNews.az