“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səfirləri

Fevralın 8-də Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) “Grassroots” proqramı çərçivəsində təqdimat mərasimi keçirib. Mərasimdə IV İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirləri təqdim olunub.

AZƏRTAC xəbər verir ki, AİHOƏK-in korporativ direktoru Elçin Səfərov IV İslam Həmrəyliyi Oyunlarına 100 gündən az bir vaxt qaldığı dövrdə idmançı və ulduz səfirlərin ictimaiyyətə təqdim olunmasını əlamətdar hadisə kimi qiymətləndirib. Azərbaycanda ilk dəfə tətbiq olunacaq “Grassroots” proqramı haqqında ətraflı məlumat verən AİHOƏK-in korporativ direktoru deyib: “Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi dünyanın 53 ölkəsindən Bakıya təşrif buyuracaq gənc fəalları bir araya gətirməklə yanaşı, bu mötəbər tədbir haqda ictimaiyyətin geniş məlumatlandırılması baxımından mühüm imkandır. Bu tarixi hadisə İslam ölkələrinin gənclərinə təkcə idman sahəsində deyil, digər istiqamətlərdə də bir-biri ilə əməkdaşlıq üçün böyük perspektivlər vəd edir. Mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ilə dünyada yaxşı tanınan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına qatılacaq ölkələrə növbəti dəfə bu mühüm yarışları təqdim etməklə yanaşı, özünün turizm potensialını, tarixini nümayiş etdirəcək. Cəmiyyətə təqdim olunan IV İslam Həmrəyliyi Oyunlarının idman və ulduz səfirləri Oyunların həmrəylik, sülh, dəyər və mükəmməllik mesajının bütün ictimaiyyətə çatdırılmasında böyük rol oynayacaqlar”.

Qeyd olunub ki, IV İslam Həmrəyliyi Oyunlarının sıralarına bu gündən etibarən ulduz və idmançı səfirlər qismində qatılacaq məşhurlarımız idmanın yeniyetmə və gənclər arasında daha da kütləviləşməsinə, ictimaiyyətin IV İslam Həmrəyliyi Oyunlarına marağının artırılmasına mühüm töhfə verəcəklər.

“Grassroots” proqramı idmançı və ulduz səfirlər vasitəsilə ictimaiyyətə təqdim olunub. IV İslam Həmrəyliyi Oyunlarının səfiri olaraq seçilmiş ulduzlar və idmançılar Oyunların təbliğində fəallıq göstərəcək, gerisayım tədbirlərində iştirak edəcək, müxtəlif sosial kampaniyaları dəstəkləyəcək və özlərinin sosial media kanallarından istifadə edərək bu mühüm idman yarışının təbliğinə dəstək göstərəcəklər.

AİHOƏK rəsmilərinin çıxışlarından sonra idmançı və ulduz səfirlər ictimaiyyətə təqdim edilib.

Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri isə Rəsul Çunayev (yunan-Roma güləşi), Rüstəm Orucov (cüdo), Rafael Ağayev (karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev (taekvando), Kamran Şahsuvarlı (boks), Fəridə Əzizova (taekvando), İlahə Qasımova (karate), Ruslan Abışov (futbol), Leyla Cavadova (boks), Elmar Qasımov (cüdo), Nazim Babayev (atlet) və Aynur Rzayeva (boks) olublar.

Təqdimatdan sonra idmançı və ulduz səfirlər IV İslam Həmrəyliyi Oyunlarının mesajı olan “Birlik”, “Sülh”, “Hörmət” və “Mükəmməllik” ideyalarını ictimaiyyətə çatdıraraq, üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri karateçi İlahə Qasımova səfir seçilməkdən məmnunluğunu diqqətə çatdıraraq deyib: “Bakı-2015” birinci Avropa Oyunlarında ölkəmizə medal qazandıran ilk idmançı olduqda, məni təbrik edən Prezident İlham Əliyevə söz verdim ki, İslam Həmrəyliyi Oyunlarında da əlimdən gələni edib qızıl medal qazanacağam. Bu, mənim məsuliyyətimi daha da artırır. Çünki mən həm səfir, həm də idmançı kimi xalqımıza yalnız sevinc bəxş etməliyəm”.

Tədbirdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının digər ölkələrdən olan səfirləri haqda videoçarx nümayiş etdirilib. Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq idmanı üzrə dünya və Asiya çempionu, IV İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasına qatılan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktum videomüraciətində deyib: “Bu proqram IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq hər bir idmançının həyatında çox mühüm rol oynayacaq. Məhz “Grassroots” proqramının önəmi onun idman dəyərlərini ictimaiyyətə çatdırması ilə yanaşı, hər kəsi sülh, həmrəylik, hörmət və kamillik ətrafında daha sıx birləşməyə çağırmasıdır”.

Proqrama yerli atletlərdən başqa, əcnəbi idmançılar da qoşulub. İndiyədək proqrama qoşulan əcnəbi atletlərin təsdiqlənmiş sayı 16-dır.

AzNews.az