"Azerbaijan Fight Club"un prezidenti Moskvadakı döyüşdə erməni təxribatından danışdı

Azerbaijan Fight Club"un prezidenti Şəhriyar Abbasov Rusiyanı təmsil edən erməni döyüşçü Vartan Asatryanın MMA üzrə 59-cu beynəlxalq "Fight Nights Global” turnirində azərbaycanlı Elnar İbrahimovla qarşılaşmadan sonra separatçı davranışa yol verməsinə münasibət bildirib.

AzNews.az Report-a istinadən xəbər verir ki, Moskvadakı "Ximki Arena”da erməni idmançının döyüşüdən sonra qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını açması əvvələcədən planlaşdırılmış təxribat olub: "Daha öncə də bu cür hadisə baş vermişdi. Ona görə, bu dəfə yarışdan əvvəl təşkilatçılara müraciət etmişdim. Bildirdilər ki, belə bir şey olmayacaq. Lakin yenə də rəsmi müraciət etdim. Çünki Rostovda keçirilmiş əvvəlki yarışda da özlərini pis aparmışdılar. O vaxt mən mikrofonu alıb demişdim ki, bu cür işlərə əl atmayın, separatçıların bayrağını gətirməyin. Digər tərəfdən, Qarabağ Azərbaycanın torpağıdır. Təşiklatçılar da həmin bayrağı tanımadıqlarını, bir daha belə hala yol verməyəcəklərini söyləmişdilər. Ancaq ermənilər yenə mənfur əməllərindən əl çəkmədilər. Fevralın 26-da Xocalı soyqırmı günündür. Elə mən də bu faciəni geyimlərimizdə əks etdirib, ora çıxardım da. Biz öncədən danışmışdıq ki, belə bir şeyə yol verilməyəcək. Amma bu yarışda da oxşar hadisə baş verdi. Təşkilatçılar onları cəzalandıracaqlarını söyləyiblər. Sözlərini tutmasalar, bir də həmin turnirə qatılmayacağıq".

Ş.Abbasovun sözlərinə görə, erməni idmançı yalnız Dağlıq Qarabağla bağlı deyil, 1915-ci il qondarma erməni soyqırımı ilə əlaqdar da təxribata yol verib. Onun şortikində qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə yanaşı, qondarma soyqırımla əlaqəli yazı əksini tapıb: "Şortikdəki separatçı bayrağına gəlincə, bu, diqqətimizdən qaçıb. Əvvəl elə bildim ki, erməni bayrağıdır. Sonra başa düşdük nə məsələdir. Üstəlik, şortikində qondarma erməni soyqırımından bəhs edən yazı da qeyd olunmuşdu. Öncədən danışıb, razılaşmışdıq ki, təxribata yol verilməyəcək. Bu, təşiklatçıların səhvidir, onlar yoxlamalı idilər. Ermənilər təxribatçıdır, bunu hamı bilir. Rusiya da onları dəstəkləyir. Bu da danılmaz faktdır. Erməni idmançı yarışa Rusiya və Ermənistan bayrağı ilə çıxmışdı. Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağını sonradan kimsə ona verib. Əvvələcədən görsəydim, gözünü çıxardardım".

Yarışın təşkilatçılarının erməni idmançıları cəzalandıracağını qeyd edən döyüş klubunun rəhbəri bildirib ki, ötən il baş verən aprel döyüşləri ermənilərə çox pis təsir edib: "Təşkilatçılarla danışdım, dedilər ki, həmin idmançını diskvalifikasiya edəcəklər. Həmçinin, həmin komandanı bir daha yarışa burxamayacaqlarını söylədilər. Həmin bölgədə ermənilər çox yaşayır. Ona görə də, birlikdə "Artsax" qışqırıblar. Kassalarda bilet qalmamışdı. Azərbaycandan böyük heyətlə getmişdik. Təxminən 25 nəfər. Yəni, dəstək də var idi. Amma onların bəziləri zala girə bilməmişdilər. Ermənilər təxribata hazırlaşmışdılar. Öncədən planlı şəkildə hərəkət ediblər. Ümimiyyətlə, azərbaycanlılar üçün Rusiyada döyüşmək çətindir. Həm hakimlər haqsızlıq edir, həm də bu cür təxribatlar olur. Bir faktı deyim: Aprel döyüşləri ermənilərə çox pis təsir edib. Bunu hiss etmək çətin deyil. Ona görə də, hər vəchlə nəsə etməyə çalışırlar. Əllərindən ancaq təxribat gəlir".

Ş.Abbasov azərbaycanlı idmançı E.İbrahimovun döyüşün başa çatmasına 55 saniyə qalmış erməni rəqibinə texniki nakautla uduzmasına da aydınlıq gətirib: "Döyüşün vaxtından əvvəl bitməsi düzdür. Bizim idmançının sağ əli sınıb. Hazırda gipsdədir. Digər tərəfdən, idmançıdır, uduzub. Burada nə var ki? Zədə olmasaydı, erməni bizim idmançıya qalib gələ bilməzdi".