Boksçumuz İslamiadaya qələbə ilə başladı

Mayın 12-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının boks yarışları start götürüb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, “Baku Crystal Hall”da təşkil olunan yarışda 27 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparırlar.

Boks yarışının ilk günündə 60 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində boksçular rinqə çıxıblar.

Yığmamızın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) çıxıb. Mübarizəyə səkkizdəbir finaldan qoşulan M.Məcidov Qazaxıstan boksçusu Nurlan Saparbay ilə qarşılaşıb. Rəqibini ikinci raundda nokdauna salan M.Məcidov yekunda 5:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib. Dörddəbir finalda idmançımızın rəqibi Uosri Hafiz (Misir) olacaq. Həmin döyüş mayın 15-də keçiriləcək.

Yarışın birinci günündə boksçumuz Cavid Çələbiyevin (60 kq) rəqibi müəyyənləşib. Belə ki, mübarizəyə birbaşa dörddəbir finaldan qoşulacaq C.Çələbiyevin rəqibi səkkizdəbir finalda Yoel Volliamsonu (Qayana) mübarizədən kənarlaşdıran türkiyəli Hakan Doğan olacaq. Bu qarşılaşma mayın 14-də baş tutacaq.

Finallar isə mayın 18-də olacaq.