Bu gün Bakı vaxtı ilə saat 19-da Moskvada Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə XXI dünya çempionatının final mərhələsinin püşkü atılacaq. Bu gün Bakı vaxtı ilə saat 19-da Moskvada Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə XXI dünya çempionatının final mərhələsinin püşkü atılacaq.

Bu gün XXI dünya çempionatının püşkü atılacaq

Bu gün Bakı vaxtı ilə saat 19-da Moskvada Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə XXI dünya çempionatının final mərhələsinin püşkü atılacaq.

AzNews.az xəbər verir ki, püşkatma nəticəsində hər bir qrupun tərkibi və oyunların (ilk 48 matçın) təqvimi müəyyənləşəcək.

Dünya çempionatında iştirak hüququ qazanan 32 komandanın adları püşkatma üçün dörd səbətə daxil edilib. Birinci səbətdə ev sahibi Rusiya, dünya çempionu Almaniya, beşqat dünya çempionu Braziliya, Avropa çempionu Portuqaliya, eləcə də Argentina, Belçika, Polşa və Fransa yığma komandaları olub. İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay və Xorvatiya milliləri ikinci səbətə daxil olunub. Danimarka, İslandiya, Kosta-Rika, İsveç, Tunis, Misir, Seneqal və İran seçmələri üçüncü səbətdə, dördüncü səbətdə isə Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Koreya Respublikası, Səudiyyə Ərəbistanı yığmaları yer alıblar.

Dövlət Kreml Sarayında keçiriləcək püşkatma mərasimində Rusiya Prezidenti Vladimir Putin ilə yanaşı, mundialın 32 iştirakçı komandasından 30-nun baş məşqçisi də daxil olmaqla, 1300-dən çox qonaq dəvət edilib. Təntənəli mərasimdən əvvəl Rusiyanın dövlət başçısının dünya futbol ulduzları ilə görüşü planlaşdırılır. Görüş iştirakçıları arasında Dieqo Marodana, Kafu, Fabio Kannavaro, Lionel Messi, Kriştiano Ronaldo, Neymar və digər məşhur idmançılar var.

Xatırladaq ki, futbol üzrə XXI dünya çempionatının final mərhələsi 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. Oyunların 11 şəhərin 12 stadionunda keçirilməsi planlaşdırılır.

Rusiya öz tarixində ilk dəfə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bundan əlavə, çempionatda ilk dəfə video-təkrar sistemi tətbiq olunacaq.