İdmançımız Bakıdan qaçdı

Azərbaycan millisindən imtina edən bolqarıstanlı ağırlıqqaldıranlar İvan Stoitsovla Boyanka Kostova yeni ölkədə yaşamağa qərar veriblər


Apasport.az saytının məlumatına görə, nişanlı olan cütlük artıq bu məqsədlə vətənlərini tərk ediblər.

Avtobusla tələm-tələsik Çexiyanın paytaxtı Praqaya yollanan ağır atletlərin əsas məqsədi yeni iş yeri tapmaqdır. Artıq İvanın burada taxta emalı firmasında fəaliyyətə başlayacağı dəqiqləşib.

Onların Bolqarıstanı tərk etməsinə əsas səbəb isə son günlər Azərbaycan Ağır Atletika Federasiyasının Kostovanı geri qaytarmaq üçün ultimatum verməsidir. Lakin Boyanka və nişanlısı millimizə qayıtmaq fikrindən uzaqdır. Zlatan Vanevin rəhbərliyi altına çıxış etmək istəməyən cütlük Laçezar Kişkilovun milliyə qaytarılmasını tələb ediblər.

Maraqlıdır ki, idmançılar Çexiyaya qaçmazdan öncə Bolqarıstan və Azərbaycan Ağır Atletika Federasiyaları arasında bu məsələ ilə bağlı razılıq əldə olunubmuş. Razılığa əsasən, Kostova, Stoitsov və Kişkilov Azərbaycan millisinə qayıdacaqdı və Vanev onların işinə heç bir müdaxilə etməyəcəkdi. Lakin sonradan atletlər növbəti dəfə fikirlərini dəyişiblər. Onlar bu məsələnin dəqiqləşməsindən xəbər tutduqlarından, Bakıya qayıtmamaqda israrlı olduqları üçün vətənlərindən qaçıblar.

Qeyd edək ki, hər 2 idmançının millimizlə müqaviləsi olduğundan hələ başqa komandanın şərəfini qoruya bilməzlər.

AzNews.az