“Azərbaycan” qəzeti Berti Foqtsu “vurdu“

"Sonuncu dəfə rəsmi oyunlarda qələbə 2011-ci il sentyabrın 6-da Qazaxıstan yığmasına qarşı əldə edilib"



"Azərbaycan" qəzetində Azərbaycanın futbol millisinin uğursuzluqları ilə bağlı yazı dərc edilib. ANS PRESS-in məlumatına görə, "Berti Foqtsla uçuruma yuvarlanan millimiz qələbənin nə olduğunu unudub" başlıqlı yazıda millimizin baş məşqçisi kəskin tənqid olunub. Yazını olduğu kimi təqdim edirik:

Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimiz növbəti oyunu Lüksemburq yığmasına qarşı keçirdi. Azarkeşlər bu dəfə stadiona böyük həvəslə gəlmişdilər. Çünki millimizin Lüksemburqa qarşı qələbə qazanacağına ümid edirdilər. Hər zaman olduğu kimi, bu dəfə də tarazlıq pozulmadı, yenə ümidlər puç oldu. Yəni komandamız növbəti dəfə xal itkisi ilə üzləşdi. Mübarizə 1:1 hesabı ilə nəticələndi. Hətta futbol tanrısının köməyi ilə son saniyələrdə məğlubiyyətdən qurtulduq.

Növbəti xal itkisinin "qəhrəmanı" yenə də almaniyalı çalışdırıcı Berti Foqts oldu. Bununla da o, millimizin sükanı arxasında antirekordlarını təkrarlamaqda davam etdi. Almaniyalı çalışdırıcı Lüksemburqla qarşılaşma öncəsi "Luxemburger Wort" qəzetinə müsahibəsində bildirmişdir ki, hər iki komandanın səviyyəsi eynidir. Bu cür açıqlamalardan sonra rəhbərlik etdiyi komandanın futbolçuları qələbəyə necə köklənə bilərlər? Millimiz əhalisinin sayı yarım milyondan bir az artıq olan "cırtdan" ölkənin komandasına qalib gələ bilmirsə, bu gün yığmamızın hansı inkişafından danışa bilərik.

Daim günahı klub məşqçilərində görən Foqts özü komandanın dirçəlməsi üçün bu illər ərzində nə edib? Güclü komandalarla görüşlərdə məğlubiyyətə bəraət qazandıran almaniyalı zəif yığmalarla qarşılaşmalarda xal itirdikdə isə günahı futbolçularda vəE azərbaycanlıların mentalitetində axtarır.

Hər qarşılaşma sonrası mətbuat konfranslarında futbolçuları günahkar, özünü isə təmizə çıxarmaq heç də peşəkar məşqçiyə yaraşan hərəkət deyil. Bütün xal itkilərində millinin üzvlərini hədəf alan açıqlamalar səsləndirərək, onları ictimaiyyət qarşısında aciz duruma salan bir məşqçinin ölkə futboluna hər hansı bir töhfə verəcəyini demək çox çətindir. Ümumiyyətlə, bu gün Azərbaycana gələn əcnəbi məşqçiləri həmişə maddi maraq düşündürüb. Futbolumuzun inkişaf etməsi onların marağında olmayıb.

Şotlandiya və Nigeriya yığmalarında uğursuzluqdan sonra onu milli komandamıza dəvət etməyin nə dərəcədə səhv addım olduğunu ümid edirik ki, AFFA rəhbərliyi gec də olsa anlayıb. Məntiq etibarı ilə sonuncu biabırçı xal itkisindən sonra Berti Foqts istefaya göndərilməlidir.

Foqts ölkəmizə gəldiyi gündən bəri hər toplanışda millinin heyətinə Almaniya daxili çempionatlarında öz komandalarında forma şansı tapa bilməyən çoxlu sayda oyunçular dəvət edib. Onların indiyə kimi millimizin oyunlarında heç bir üstün cəhətlərinin şahidi olmadıq. Əli Gökdəmir, Cihan Özkara, Ufuk Budaq, Rüfət Dadaşov və s. kimi futbolçuların komandaya əlavə güc qatmalarını görmədik. Yeri gəldikdə, öz yerli futbolçularımız onların hər birindən müxtəlif cəhətlərdən üstün oynayırlar. Qeyd ediləsi vacib məqamlardan biri də odur ki, "gəlmələr" yerli futbolçulardan heç də yaxşı oyun nümayiş etdirmirlər. Hətta fədakarlıq baxımından geri qalırlar.

Sual yaranır: görəsən, cənab Foqts onları hər matç oynatmaqla, hansı məqsədləri güdür? Berti Foqts almaniyalı deyil, ingiltərəli və ya italiyalı olsaydı, yenə də həmin ölkələrdən yığmamıza futbolçular dəvət edərdimi?

Bu gün Foqtsun komandasının uğursuzluqlar seriyasını davam etdirməsinin səbəbi çox sadədir: almaniyalı mütəxəssis vahid heyət yaratmaq əvəzinə hər oyunda kifayət qədər yeni oyunçu cəlb edərək komandada "yeni kəşflərə" çıxır. Artıq oyunun gedişində taktiki dəyişikliklərdə digər həmkarlarından geri qalan Foqtsa futbolçular da ümid etmirlər. Azarkeşlər isə milli komandada qələbə sevincinin nə olduğunu çoxdan unudublar. Sonuncu dəfə rəsmi oyunlarda qələbə 2011-ci il sentyabrın 6-da Qazaxıstan yığmasına qarşı əldə edilib (3:2).

Görəsən, nə vaxta kimi bu uğursuzluq davam edəcək? Fikrimizcə, artıq yetər! Azərbaycanlı futbolçuların da digər idmançılarımız kimi azarkeşləri sevindirmək vaxtı çatmışdır.

AzNews.az