Güləşçimiz beynəlxalq yarışda erməni rəqibini məğlub etdi

Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk yarış günündə sərbəst güləş üzrə 42, 50, 58, 69 və 85 kq çəki dərəcəsində pəhləvanlar mübarizəyə qoşulub.

Güləşçilərimizdən 3-ü finala qədər maneəsiz irəliləyib. Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) finalda Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub.

50 kq, bürünc medal görüşü
Mahir Əmiraslanov - Barna Marton (Rumıniya)

58 kq, final
Məhəmmədəli Əliyev - Selim Kozan (Türkiyə)

69 kq, final
Abdulmuslim Muxuddinov - Tiqran Mnatsakanyan (Ermənistan)

85 kq, final
Nurməhəmməd Hacıyev - Enes Altun (Türkiyə)

Medal görüşünə çıxan bütün güləşçilərimiz xalça üzərindən qalib ayrılıb. Beləliklə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.

Çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.

AzNews.az