Velosipedlə dünya turuna çıxan səyyahımız problemlə üzləşib

Velosiped Federasiyası Bərdədən Yaponiyaya pedal çevirən Ramil Ziyadovu tək qoyub

Aprelin 9-da Bərdə şəhərindən velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Ramil Ziyadov barədə məlumat vermişdik. İndi o, Sibirdədir. Bərdə-Bakı-Dağıstan-Kalmıkiya-Həştərxan-Qazaxıstan-Özbəkistan marşrutu üzrə hərəkət edən idmançının Novosibirskə çatmasına cəmi 200 kilometr qalıb. Bu barədə AzNews.az-a Ramil Ziyadovun özü məlumat verib: "Artıq Sibirə keçdim. Yaman yorulmuşam. Amma layihə davam edir. Hər şey əladır. Mən xoşbəxtəm. Millətimi şərəflə təmsil edirəm. Çalışıram ki, vətənimi layiqincə təbliğ edim. Məni tək qoymayın".

Velosipedçi bildirib ki, Bərdədən Yaponiyaya 14 min kilometr məsafə var. Onun təxmini hesablamasına görə, Yaponiyaya avqustun sonu, sentyabrın əvvəllərində çatacaq.

Məlumata görə, Ramil Ziyadov Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı götürdüyü elektron materialları yolboyu yayır, görüşdüyü adamlara ölkəmiz haqqında bilgilər verir: "Gücüm çatan qədər kitablar yayıram. Xocalı haqqında məlumat verirəm Axşamlar yaşayış məntəqələrinin yaxınlığında çadır qurur və yerli sakinləri Azərbaycanın milli xörəklərinə qonaq edirəm. Əsasən, buğlama, kabab, bozbaş bişirirəm".

Səyahəti vaxtı çətin təbii şəraitlərə düşdüyünü deyən velosipedçi hətta canavarlarla da qarşılaşıb: "Dəhşətli küləyə düşdüm. Düz 4 gün küləklə mübarizə aparmalı oldum. Çadırım cırıldı. Qazaxıstanda canavarlarla rastlaşdım. Hələ 3 ay Sibir ərazisində yol gedəcəm. Çox çətin və şərəfli bir səfər gözləyir. Elə yerlər olacaq ki, 500 kilometr məsafədə hər hansı yaşayış məntəqəsindən keçməyəcəm"

Səyyahın dediyinə görə, maddi dəstək olsa, səyahətini davam etdirərək Yaponiyadan ABŞ-a getməyi düşünür. Hələlik isə, ona puldan çox viza lazımdır: "Hələlik Rusiya ərazisindəyəm. Burada viza lazım deyil. Ancaq Yaponiyaya keçmək üçün viza tələb olunacaq".

Velosipedçi səyyahın səfəri necə tənzimlənir? Azərbaycan onun bu missiyasına dəstək verə bilirmi?

Velosiped idmanı üzrə Federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Elvin Heydərov AzNews.az-a açıqlamasında bildirdi ki, Ramil Ziyadovun səfəri ilə bağlı Federasiya mətbuatı məlumatlandırır. Digər məsələlərə gəlincə, Federasiya rəsmisi işdən çox, problem sadaladı. E.Heydərovun sözlərinə görə, həll olunmamış təşkilati məsələlər var: "Bu səfərdə idmançı müşayiət olunmalıydı. Müşayiətin təşkili axırı olmayan çətin prosesdir. Bu səfərdə idmançının müşayiəti üçün Qazaxıstana müraciət etmişdik. Onlardan cavab gəlmədi".

Federasiya səyyah idmançıya kömək üçün o qədər canfəşanlıq etmir. Bu məsələdə idman qurumunun nümayəndəsinin fikri maraqlıdır: " Bu səyahətə Ramil şəxsi təşəbbüsü ilə çıxıb. Getməzdən əvvəl isə bizə heç nə deməyib. Bu cür səfərlərdə insanın qarşısına hər şey çıxa bilər. Odur ki, hər şeyə hazırlıqlı olmalıdır. Ölkəmizi təmsil etsə də, səyahət şəxsi təşəbbüsü ilə reallaşıb".

Menecerin sözlərinə görə, onlar idmançının harda olduğunu, hansı problemlərlə qarşılaşdığını bilmir: "Problemin nə olduğunu bilsək, kömək edə bilərik. Buradan isə yazdığımıza başqa cür qarşılıq alırıq. Onun özü də nə istədiyini bilmir. Bizə ona hansı formada kömək edə biləcəyimizə dair təkliflərini verməlidir. Müraciət etmədən ona nə lazım olduğunu necə bilək? Onun nümayəndəsi Talıb Vəliyev bunu onun əvəzindən edə bilər".
Viza probleminin həlli məqsədi ilə Xarici İşlər Nazirliyinə müraciət edəcəyini deyən menecer onu da əlavə edib ki, bu cür layihələrin gerçəkləşdirilməsi yalnız bir qurumun səlahiyyəti çərçivəsində deyil. Bu işdə Xarici İşlər, Gənclər və İdman nazirlikləri əlaqəli işləməlidir.

Ruhiyyə
AzNews.az