İdman Dırmanması üzrə Dünya Kubokuna start verilib - FOTO

Bu gün Azərbaycanda ilk dəfə olaraq keçirilən İdman Dırmanması üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

AzNews.az-ın məlumatına görə, yarışlar Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFSC) birgə təşkilatçılığı, eləcə də Gənclər və İdman Nazirliyinin texniki dəstəyi ilə dünyanın 11 ölkəsindən 69 idmançının iştirakı ilə keçirilir.

İdman Dırmanması üzrə Dünya Kubokunun açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, dünyada mövcud olan 11 iqlim tipindən 9-u Azərbaycanda mövcuddur ki, bu da bütün idman növlərini ölkəmizdə yüksək səviyyədə keçirməyə imkan verir: "İlk dəfədir ki, Azərbaycanda belə bir möhtəşəm idman növü üzrə dünya kuboku yarışları keçirilir. Hazırda bu idman növü ilə məşğul olan çoxlu sayda idmançı var. Gənclər və İdman Nazirliyi olaraq bu idman növünün Azərbaycanda inkişaf etdirilməsi üçün əlimizdən gələni edəcəyik. Bütün idmançılara uğurlar arzulayıram".

Açılış mərasimində çıxış edən FAİREX-in prezidenti Hüseyn Bağırov isə bildirib ki, ilk dəfə olaraq Azərbaycanda keçirilən İdman Dırmanması üzrə Dünya Kuboku yarışları ölkəmizinidman tarixində önəmli hadisələrdəndir: " Bu idman növü ölkə gənclərinin sağlam həyat tərzi sürməsi üçün vacibdir. Bütün idman növlərində olduğu kimi bu idman növünün Azərbaycanda inkişafı İFSC tərəfindən qiymətləndirilərək dünya kubokunun Azərbaycanda keçirilməsinə qərar verilib. Ölkə rəhbərliyinin bu idman növünə göstərdiyi xüsusi diqqət nəticəsində yarışa hazırlıq mərhələsi tez bir zamanda başa çatdırılıb.

Azərbaycan yarışlarda 18 idmançı ilə təmsil olunur. Onlardan böyük nəticələr gözləyirik. Düşünürəm ki, yarış Azərbaycan idman tarixində ənənəvi idman növünə çevriləcək. Artıq Azərbaycanda bu idman növünə böyük maraq var. Bu məqsədlə ölkəmizdə üç dırmanma divarı quraşdırılıb. Hər biri ödənişsiz şəkildə gənclərə xidmət göstərir. Tezliklə yeni dırmanma divarları fəaliyyət göstərəcək. Azərbaycanın idman növləri üzrə əldə etdiyi uğurlar göz qabağındadır. Bu da beynəlxalq yarışların ölkəmizdə keçirilməsinə əsas verir".

İFSC prezidenti Marco Scolaris isə çıxışında vurğulayıb ki, İdman Dırmanması üzrə Dünya Kuboku yarışlarının Azərbaycanda keçirilməsindən qürur hissi duyur: "Yarışın təşkilatçılığı çox yüksək səviyyədədir. Azərbaycanda bu idman növünün inkişafından çox razıyam. Bu idman növü üzrə dünya kuboku yarışlarının Azərbaycanda keçirilməsi buna əyani sübutdur. Qürur hissi ilə demək istəyirəm ki, 2015-ci il I Avropa Olimpiya oyunları Azərbaycanda keçiriləcək. Azərbaycanda bu idman növü üzrə maddi texniki bazanız yaxşılaşır.

Xüsusilə bu idman növünün Azərbaycanda inkişafı üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə, FAİREX-in prezidenti Hüseyin Bağırova, Gənclər və İdman naziri Azad Rəhimova təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu idman növü tezliklə Olimpiya idman növləri siyahısına salınacaq".

AzNews.az