Braziliya çempion oldu

Braziliyada keçirilən Konfederasiyalar Kubokuna yekun vurulub.

Apasport.az saytının məlumatına görə, sayca 9-cu dəfə reallaşan yarışın son günündə azarkeşlər 2 oyuna şahidlik edib.

Əvvəlcə 3-cü yer uğrunda görüş baş tutub. Burada Cənubi Amerika çempionu Uruqvay milli komandası ilə Avro-2012-nin finalçısı İtaliya yığması münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmada Apenin təmsilçisi qələbə qazanaraq, turnirin bürünc medallarına sahib olub.

Matçın əsas hissəsində tərəflər hərəyə 2 dəfə fərqləniblər. Əlavə vaxtda isə qalib müəyyənləşmədiyindən penaltilərə ehtiyac duyulub. Burada isə baş məşqçi Çezare Prandellinin yetirmələri daha dəqiq oynayıb – 3:2.

Daha sonra "Marakana" stadionunda final oyunu keçirilib. Ev sahibi Braziliya ilə İspaniya turnirin ən güclüsü olmaq üçün üz-üzə gəlib.

Görüşdə isə meydan sahibləri son dünya və Avropa çempionlarını darmadağın edib. Oyun 3:0 hesabı ilə başa çatıb. Matçda Fred dubl imza atıb. Digər qolu isə ispanların qapısından Neymar keçirib.

Qeyd edək ki, Konfederasiyalar Kuboku ilk dəfə 1992-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Kral Fəhd Kuboku adı altında baş tutan turniri ən çox bu da daxil olmaqla Braziliya qazanıb – 4 dəfə (1997, 2005, 2009). 2 dəfə (2001, 2003) Fransa, hərəyə 1 dəfə isə Argentina (1992), Danimarka (1995) və Meksika (1999) qalib gəlib.


Konfederasiyalar Kuboku
30 iyun

Üçüncü yer uğrunda oyun
Uruqvay - İtaliya - 2:2 (penaltilər seriyası - 2:3)
QOLLAR: Kavani, 58; 78 - Astori, 25, Diamanti, 73
Salvador. "Yeni Fonte Arena"
Baş hakim: Haymudi Camel (Əlcəzair)

Uruqvay: Muslera, Luqano, Qodin, Kaseres, Qarqano, Rodriqes, Pereyra, Arevalo, Forlan, Kavani, Suares

İtaliya: Buffon, Madjo, Kellini, Astori, De Şilo, Kandreva, De Rossi, Montolivo, Diamanti, Cilardino, El-Şaaravi

Final
Braziliya – İspaniya - 3:0

QOLLAR: Fred, 2; 47, Neymar, 44
Rio-de-Janeyro. "Marakana" stadionu
Baş hakim: Born Kaypers (Hollandiya)

Braziliya: Julio Sezar, Dani Alves, Tiaqo Silva, David Luiz, Marselo, Ernanes, Paulinyo, Halk, Neymar, Fred

İspaniya: Kasilyas, Alvaro Arbeloa, Pike, Serxio Ramos, Xordi Alba, Buskets, Xavi, İnyesta, Pedro, Mata, Fernando Torres

AzNews.az