PFL ilə müharibə, UEFA ilə dostluq edən Azərbaycan kanalları PFL ilə müharibə, UEFA ilə dostluq edən Azərbaycan kanalları

Telekanallarla Peşəkar Futbol Liqası arasında “soyuq müharibə”

PFL ilə müharibə, UEFA ilə dostluq edən Azərbaycan kanalları



Azərbaycan telekanalları ilə Peşəkar Futbol Liqası (PFL) arasında "soyuq müharibə" davam edir. Belə ki, ölkə premyer-liqasının artıq bu gün start götürəcək 5-ci turun oyunları da canlı yayımda göstərilməyəcək. PFL-dən AzNews.az saytına verilən məlumata əsasən, telekanallarla danışıqlar davam etsə də, razılıq hələ də əldə olunmayıb. Bununla belə, yaxın günlərdə son durumda dəyişikliklər də baş verə bilər. Belə ki, AFFA rəhbərliyinin yüksək səviyyəli tövsiyələrindən sonra, tərəflər bir-birinə güzəştə getməyə hazır olduqlarını bildirdilər.

Xatırladaq ki, PFL-in prezidenti Ramin Musayev hələ iyulun ortalarında keçirdiyi mətbuat konfransında "İdman Azərbaycan" telekanalı ilə ilkin razılığın əldə olunduğunu qeyd edib, məsələnin 90% həll olunduğunu bildirib. Lakin son anda tərəflər arasında prinsipial məsələlərdə fikir ayrılığı yaranıb və əməkdaşlıq baş tutmayıb.

Onu da qeyd edək ki, yerli çempionatın oyunlarında fərqli olaraq, AzTV və "İdman Azərbaycan" kanalları UEFA Çempionlar Liqasının və Avroliqanın ölkə ərazisində yayımlanması üçün eksklüziv hüquqları əldə edib. Nəticədə, ölkə futbolunun flaqmanı – "Neftçi"nin qrup mərhələsi çərçivəsində keçirdiyi bütün oyunlar canlı olaraq azarkeşlərə təqdim olunacaq.

Yaşar
AzNews.az