2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında verdiyi qərarın icrasına sayılı günlər qalıb. 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında verdiyi qərarın icrasına sayılı günlər qalıb.

Yazıçılar I Avropa Oyunlarına nə deyir... – “Fəxr edirəm ki...”

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında verdiyi qərarın icrasına sayılı günlər qalıb.

Bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizin Beynəlxalq və Avropa Olimpiya hərəkatında, idman və bədən tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək qiymətdir. Artıq indidən bəllidir ki, Avropa Oyunlarının Bakıda təşkili Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, idman aləmində önəmli yer tutmasına şərait yaradacaq. Ancaq bəzən bu oyunların keçirilməsi ilə bağlı neqativ fikirlər səsləndirənlər də var. Bəs görəsən bu oyunlarla bağlı yazıçılar nə düşünür?

AzNews.az bununla bağlı apardığı sorğunu təqdim edir:

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin fikrincə, Avropa Oyunları Azərbaycanın dünyada birbaşa reklamı və təbliğatıdır: "Bu tədbir Azərbaycana çox şey verəcək. Fəxr edirəm ki, Azərbaycan belə bir yarışa ev sahibliyi edəcək. Bu çox əhəmiyyətli hadisədir".

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca deyir ki, Avropa Oyunları kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi böyük uğurla yanaşı, həm də böyük məsuliyyətdir: "Bu yarış Azərbaycanın adını böyük tədbirlər keçirən dövlətlər sırasına salacaq. Belə idman yarışı ilə qonaqpərvər, qədim xalq olduğumuzu dünya bir daha tanıyacaq. Zənnimcə, ən vacib olanı da məhz budur".

Daha çox tənqidi baxışları ilə tanınan Şair Musa Yaqub hesab edir ki, ilk dəfə bu oyunların Azərbaycanda keçirilməsinin heç bir ziyanından söhbət gedə bilməz: "Belə mötəbər yarışların ziyanı barədə söhbətlər aparılmamalıdır. Məncə ümumilikdə götürsək, bunun bizə heç bir ziyanı olmayacaq, əksinə çox xeyri olacaq".

Xalq yazıçısı Mövlud Süleymanlı vurğulayır ki, Avropa Oyunları Azərbaycanı dünyaya tanıtdıracaq bir tədbirdir: "Bunu hər bir azərbaycanlı dərk etməlidir. Bu tədbir Azərbaycanın adına müsbət imic gətirəcək. Mən özüm yarışların çoxunu stadionlarda izləyəcəm".

Şair Rüstəm Behrudi ümid edir ki, Avropa Oyunları beynəlxalq aləmdə səviyyəli bir idman yarışı kimi tarixə düşəcək: "Bu yarış Azərbaycanı dünyada yenidən tanıtdıracaq".

Şair Qəşəm Nəcəfzadənin qənaətinə görə. Avropa Oyunları Qarabağ probleminin sülh yolu ilə həll olunmasında mühüm addım olacaq: "Ümumilikdə isə bu Oyunlar Azərbaycana çox şey vəd edir. Bu gün şəhərimizdə yenidənqurma və abadlıq işlərinin aparılması, yeni idman saraylarının tikilməsi, şəhərə avtobus və taksilərin gətirilməsi, yeni otellərin istifadəyə verilməsi Azərbaycanın sosial inkişafına işarədir. Avropa Oyunları başa çatacaq, ondan bizə həm də şəhərin abadlıq işlərinin gözəlləşməsi qalacaq. Oyun ərəfəsində Bakıya gələn qonaqlar Azərbaycan mədəniyyəti və incəsənəti ilə tanış olacaq. Nəticədə ölkəmizə turist axını çoxalacaq. Bunun da sayəsində Azərbaycanın nüfuzu artacaq. Bu tədbirin rəsmi simvolları nar və ceyrandır. Bu isə onu göstərir ki, Azərbaycan dövləti təbiəti sevir. Bu simvollar bütün Avropanı dolaşacaq. Nar birliyin rəmzidir və Azərbaycan xalqının bir olmasına işarədir. Avropa Oyunlarının Bakıda keçirilməsi həm də Dağlıq Qarabağ məsələsində mühüm əhəmiyyət kəsb edəcək. Bütün dünya qəbul edəcək ki, Azərbaycan demokratik və hüquqi bir dövlətdir".

Yazıçı-kulturoloq Aydın Xan Əbilov deyir ki, Avropa Oyunları ölkəmizə müsbət dəyərlər gətirəcək: "Eyni zamanda Azərbaycan öz dəyərlərini idman vasitəsi ilə xarici ölkələrə, dünyaya çıxaracaq. Bizim Qarabağ problemimiz var. Bu problemlə bağlı Azərbaycan uzun müddət informasiya blokadasına alınmışdı. Son illər keçirilən dövlət əhəmiyyətli tədbirlər Azərbaycan haqqında müsbət mənada imicimizi formalaşdırmaq istiqamətində böyük bilgilər verəcək. Daha bir məqam isə Azərbaycanda yeni iş yerlərinin açılması, ölkəyə yeni idman qurğularının gətirilməsidir. Yaxın gələcəkdə futbol çempionatının Azərbaycanda keçirilməsi də planlaşdırılır. Bunlar Azərbaycanın inkişafına xidmət edir".

Bahar RÜSTƏMLİ
AzNews.az