Jurnalistlər 1-ci Avropa Oyunlarından danışdı: “Azərbaycanı tanıyacaqlar”

“1-ci Avropa Oyunları Azərbaycanın tanıdılması baxımından əhəmiyyətlidir”.



Bunu AzNews.az-a "İnterpress" İnformasiya Agentliyinin redaktoru Elnarə Əlosmanqızı deyib. O bildirib ki, Avropa Oyunları davamlı olacaqsa, ilk oyunların keçirildiyi yer kimi Azərbaycanın adının idman tarixinə yazılması şansı var:
"Bundan başqa oyunlara hazırlıq mərhələsindən başlayaraq başa çatma mərhələsinə kimi Azərbaycanla bağlı çox sayda məlumatın dünya mətbuatında yayılması Avropada ölkəmizə marağı artırır və bu səbəbdən güman ki, oyunları və həm də Azərbaycanı öz gözləri ilə görmək istəyənlərin sayı artacaq. Bütün hallarda bu, Azərbaycanı tanıtmaq üçün növbəti imkandır və bir halda ki, buna başlamışıq, bu imkandan maksimum yararlanmaq lazımdır".


"Axar.az" saytının əməkdaşı Faiq Balabəyli isə deyir ki, ölkəmizi sevməyənlər bu oyuna görə ürəkbulandırır, haqqımızda əsassız danışırlar: "Əgər bu mötəbər yarış yenə keçiriləcəksə, statistikada ilk olaraq, Bakının adı çəkiləcək və illər keçsə də Avropa Oyunları kimi tarixdə qalacaq. Düşünürəm ki, əsas qazancımız millətimizi, paytaxtımızı, ölkəmizi tanıtmaq olacaq. Xəritədə Azərbaycanın yerini bilənlər onu indi gözləri ilə görəcəklər".


"Azvizion.az" informasiya agentliyinin əməkdaşı Gültəkin Ələsgər hesab edir ki, "Avroviziya" yarışmasından sonra Azərbaycan dünyada bir neçə pillə də yüksəlib: "Azərbaycanda keçiriləcək Avropa Oyunları çox böyük hadisədir. Bütün resursların Bakı 2015-ə cəlb olunması bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığımızı göstərir. Azərbaycanı xəritədə tanımayanlar indi Azərbaycan adını eşidən kimi "Avroviziya" kimi möhtəşəm yarışı yada salırlar. Bu dəfə də belə olacaq. Bir sözlə, bu yarışma da Azərbaycanın dünyada tanıdılmasında böyük rol oynayacaq. Azərbaycanda dədə-babadan qonaq qarşılamaq adəti var. Evimizdə ən son tikəmizi belə, qonağa yedirdirik. Ona görə də bu qədər dəbdəbəli hazırlaşırıq. Hesab edirəm ki, bu cür mötəbər yarışlara ev sahibliyi etmək hər dövlətin qüvvəsi deyil. Odur ki, Azərbaycan öz qüvvəsinə inanır. Yəqin ki, bu yarışlarda da özümüzü doğruldacağıq".

Bahar RÜSTƏMLİ
AzNews.az