• İdman
  • 12 Oktyabr 2015 17:52

“İnter”in prezidentinin ölkədən çıxışına qadağa qoyuldu – Beynəlxalq bank işi

"Mən Azərbaycan Beynəlxalq Bankı ilə bağlı məsələdə şahid qismində çağırılmışam. Şahid olduğumdan ölkəni tərk edə bilmirəm".

AzNews.az-ın apasport.az-a istinadən məlumatına görə, bunu Bakının "İnter" klubunun prezidenti Georgi Nikolov Bolqarıstanın trud.bg saytına müsahibəsində deyib.

O bildirib ki, bu işlə bağlı ittiham olunmur: " Azərbaycan DİN-dən mənə şahid olduğumu və burada qalmağımın zəruriliyini deyiblər".

G. Nikolov qeyd edib ki, Bolqarıstanla Azərbaycan arasında hüquq və məhkəmə sahəsində əməkdaşlıq haqda anlaşma olduğuna görə, o, Bolqarıstandan da şahidlik edə bilər.

Klub prezidenti Azərbaycanda qalma müddətinin başa çatdığını da xatırladıb: "Belə olanda vəziyyət mürəkkəbləşir. Gedə də, qala da bilmirəm. İki gün əvvəl vizanın uzadılması üçün sənədlərimi miqrasiya orqanlarına təqdim etmişəm. Amma mənə icazə verilib-verilməyəcəyi bilinmir".


Hələ də vəzifəsini icra etdiyini deyən Nikolov yaxın müddətdə klubun sahibinin dəyişəcəyini də qeyd edib: "Bu proses yaxın müddətdə başa çatacaq. Onda klubun yeni sahibi təzə komanda ilə çalışmaq istəyə bilər. Belə olanda mənim getməkdən başqa yolum olmayacaq".

Problemlərlə bağlı avqustun əvvəlində Bolqarıstanın Bakıdakı səfirliyinə müraciət etdiyini deyən Nikolov səfir Mayya Xristovanın bacardığı köməyi edəcəyini bildirdiyini xatırladıb: "O, məsələ haqda Sofiyaya – Xarici İşlər Nazirliyinə məktub göndərib. Hələ də nəticəsini gözləyirəm".